Onlayn İctimai Nəzarət Platforması layihəsinin rüblük yekunlarına dair dəyirmi masa keçirilib  - FOTOLAR

Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada 2022-ci ilin sentyabr-noyabr ayları ərzində Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.


QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MG Consulting şirkətinin rəhbəri Lalə Adilova bildirib ki, E-Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində icra edilən layihə çərçivəsində fəaliyyət göstərir. L.Adilova qeyd edib ki, sözügedən platformanın məqsədi kommunal xidmətlər, yol və infrastruktur, abadlıq və s. ilə bağlı ictimaiyyəti narahat edən məsələləri aidiyyəti qurumlara çatdırmaq və onların həllinə nail olmaqdır.

Tədbirdə çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Maykl Nirbas  bildirib ki, Azərbaycanda onlayn ictimai nəzarət platformasının üstünlüyü ondan ibarətdir ki, hər kəs operativ şəkildə məlumat və cavab mübadiləsi aparır ki, bu da son nəticədə keyfiyyətli nəticələrə gətirib çıxarır.
İl ərzində daxil olan müraciətlərin ümumilikdə 70 faizi öz həllini tapıb. Bu, doğrudan da, çox yaxşı nəticədir, lakin biz daha artığına çalışırıq. Vətəndaşların fəallığı nə qədər yüksək olsa, hökumətin müraciətlərə reaksiyası da bir o qədər tez olur. Bu da öz növbəsində , müvafiq dövlət qurumlarının fəaliyyətinə töhfə verir”, - deyə Maykl Nirbas  qeyd edib.

Qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəzin  vitse-prezidenti Natalia Burjaili onlayn ictimai nəzarət platformasının ABŞ, Böyük Britaniya kimi ölkələrdə də olduğun bildirərək, Azərbaycan da bu fəaliyyətin uğurlu alındığını diqqətə çatdırıb.

MG Consulting şirkətinin hüquqşünası Hamlet Babayev platformanın son 3 aydakı fəaliyyəti haqqında təqdimatla çıxış edib. 
O, bildirib ki, Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, yol səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nəticələrinə görə, müraciətlərdə qeyd olunan problemlərin təxminən 70 faizdən çoxu öz həllini tapıb.

Həmçinin 14 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması, bu müraciətlərdəki problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim edilib. Bu qurumlara Bakı Şəhər İcra Hakimiyyəti, “Azərsu” ASC, Azərbaycan Respublikası DİN Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Yasamal, Nizami, Sabunçu, Abşeron, Xətai, Xəzər, Nəsimi və Biləsuvar rayon İcra hakimiyyətləri aiddir.

Digər 7 dövlət qurumuna Onlayn İctimai Nəzarət Platforması ilə əməkdaşlıq edərək vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həllində göstərdikləri köməkliyə görə “Azərişıq” ASC-yə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Nərimanov, Masallı və Səbail rayon İcra hakimiyyətlərinə, Dövlət Reklam Agentliyinə təşəkkürnamələr təqdim edilib.
 

Onlayn İctimai Nəzarət Platformasının təşviqində göstərdiyi fəallığa görə Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadəyə və “www.qht.az” saytının rəhbəri Cəsarət Hüseynzadəyə də təşəkkürnamələr təqdim edilib.

Onlayn İctimai Nəzarət Platforması tərəfindən həyata keçirilən “Fəal vətəndaş - 4” müsabiqəsinin qalibləri Eldəniz Mehrəliyev, Cavad Salmanlı və Səid Hüseynzadə də hədiyyələrlə mükafatlandırılıblar. 


Paylaş

Aktiv sorğu yoxdur.