Sosial müdafiə sistemində şəffaflığın təminatı və elektronlaşma ilə bağlı QHT-lər üçün təqdimatlar edildi - FOTO

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyəti institutları ilə növbəti görüş keçirilib. 

Görüş əmək, məşğulluq, sosial müdafiə sahələrində korrupsiyaya qarşı mübarizə tədbirlərinə, şəfaflığın təminatı və bu sahələrdə xidmətlərin elektronlaşdırılması istiqamətində aparılan işlərə həsr olunub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev son 4 ildə həyata keçirilən sosial islahatların başlıca istiqamətlərindən birinin şəffaflığın təminatı, xidmət sahələrində vətəndaş-məmur təmaslarının minimuma endirilməsinə imkan verən geniş elektronlaşma proqramının icrası olduğunu  qeyd edib. O, 2019-cu ildən yaradılan DOST mərkəzlərində sosial sahə üzrə xidmətlərin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyini vurğulayıb. 

Nazirliyin fəaliyyət sahələrində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçildiyi, şəffaflığın təminatında mühüm önəm kəsb edən elektronlaşma proqramının geniş tətbiqi işləri diqqətə çatdırılıb.

Nazirlik üzrə 175 xidmətdən 110-nun elektron formada, o cümlədən 46-sının proaktiv qaydada göstərildiyi qeyd olunub. 2022-ci ildə Nazirlik qurumlarının 11 beynəlxalq mükafatla təltif edildiyi, 2021-2022-ci illərdə 12 beynəlxalq ISO sertifikatının, o cümlədən “Antikorrupsiya idarəetmə sistemləri” üzrə beynəlxalq sertifikatların əldə olunduğu bildirilib.

Korrupsiyaya qarşı mübarizədə, şəfaflığın təminatında Nazirliyin vətəndaş cəmiyyəti institutları ilə fəal əməkdaşlıq təcrübəsi, ictimai nəzarətin təmin edilməsində QHT-lərin önəmli rolu vurğulanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son illər həyata keçirilən antikorrupsiya tədbirlərindən bəhs olunub, daxili nəzarət və audit tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozmalarla bağlı görülmüş tədbirlərə, sosial xidmətlər sahəsində rəqəmsal platformaların, e-xidmətlərin yaradılması işlərinə dair təqdimatlar edilib.

Nazirlik yanında İctimai şuranın sədri professor Elşad Məmmədov, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni,  “İnformasiya Təşəbbüslərinə Dəstək” İB-nin sədri Cəsarət Hüseynzadə, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin sədri Əhməd Abbasbəyli, "İslahatçı Qadınlar və İnnovasiyalar" İB-nin sədri Vüsalə Hüseynli, sosial-iqtisadçı ekspert Rəşad Həsənov və b. sosial sahədə innovativ həllərin, e-texnologiyaların geniş tətbiqinin şəffaflığın təminatında, sosial proqramların çevik və şəffaf icrasında, proqramlara əlçatanlığın artırılmasında  əhəmiyyətli rolunu vurğulayıblar. 

Görüşdə vətəndaş cəmiyyəti institutları rəhbərləri rəy və təkliflərini ifadə edib, fikir mübadiləsi aparılıb. Korrupsiyaya qarşı mübarizədə, şəfaflığın, ictimai nəzarətin təmin olunması işlərində QHT-lərlə gələcək əməkdaşlıq müzakirə olunub.

 

Fotolar

 


Paylaş

Aktiv sorğu yoxdur.