İctimai Şuranın təşəbbüsü ilə Xocalı rayon ağsaqqalı Arif Əliyevlə görüş keçirildi

        Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü, Xocalı rayon İcra Hakimiyyətinin və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocalı rayon Komitəsinin təşkilatçılığı ilə Xocalı rayon ziyalısı, 20 gün erməni əsirliyində olmuş Əliyev Arif Ədil oğlu ilə görüş keçirildi.

      Görüşdə Xocalı rayon İcra Hakimiyyətinin və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocalı rayon Komitəsinin sədri Yaşar Salahov, rayon icra hakimiyyəti yanında ictimai şuranın üzvləri Məmməd Nağıyev, Şükür Bəşirov, İctimai Şuranın sədri sədri Qalib Quliyev iştirak etdilər.  

      Çıxış edən natiqlər Arif Əliyevin həyat və fəaliyyətindən söhbət açdılar. Bildirildi ki, Arif Əliyev əsl ziyalı, vətənpərvər insan kimi dövlətçiliyimizə sədaqətlə xidmət edib. Erməni seperatçıları onun fəaliyyətinə maneə olmağa çalışsalar da, bu əzmkar insanı öz yolundan döndərə bilməyiblər. Xankəndində, Ağdarədə müxtəlif vəzifələrdə işləyərkən erməni quldurlarının təqibinə, hədələrinə məruz qalan Arif müəllim öz biliyi və cəsarəti ilə düşməni susdura bilmişdir. O, hər yerdə öz millətininin nümayəndələrini müdafiə etmişdir. Erməni millətçiləri azərbaycanlı ziyalıları məhv etməklə öz idealarını, təbliğatlarını gücləndirməyə çalışıblar. Buna görə də Arif Əliyev 1990-cı il oktyabrın 10-da Ağdərədə girov götürülmüş, iyirmi gün girovluqda amansız işgəncələrə məruz qaldıqdan sonra azad edilmişdir. Ancaq o, öz iş yerini dəyişməyərək rayonda qalmış, vəzifə borcunu yerinə yetirmişdir. Arif Əliyevin zəhməti, öz biliyini artırmaq uğrunda çalışqanlığı, vətənpərvərliyi, əzmkarlığı indiki və gələcək nəsillərə nümunədir. 

      Söhbət əsnasında Arif Əliyevin əsirlik həyatından bəhs edən "Daşlı cığır" poeması əsasında ərsəyə gəlmiş kitabına baxış oldu. 

      Arif Əliyev Vətən müharibəsində əldə etdiyimiz Şanlı qələbədən qürur hissi ilə danışaraq bildirdi ki, son iki yüz ildə ilk dəfədir ki, itirdiyimiz torpaqları bərpa etdik. Bu qələbənin mahiyyətini düzgün dərk etmək lazımdır. Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük haqq savaşımızda Müzəffər Azərbaycan Ordusu şəhidlərimizin qisasını, həmçinin mənim kimi əsirlikdə işgəncələr çəkmiş minlərlə həmvətənlinin qisasını döyüş meydanında aldı. 

      Azərbaycan xalqının zamanla öz tarixi ideologiyasını həyata keçirəcəyinə əminliyini ifadə edən rayonumuzun ziyalısı, gec-tez parça-parça bölünmüş bütün əzəli torpaqlarımızın vahidliyinin təmin olunacağını dedi.

      Qeyd edək ki, əmək fəaliyyətinə müəllim kimi başlayan Arif Əliyev, Xocavənd rayonu Aşan kəndində, Xocalı rayonu Daşbulaq, Kosalar kənd məktəblərində və Xankəndi Pedaqoji İnstitutunda müəllim işləmişdir. Xankəndində müəllim işlədiyi vaxtlarda “Qönçələr” adlı ədəbi  dərnək yaratmış, poeziyaya, yaradıcılığa meyli olan xeyli istedadlı azərbaycanlı gənci bu  dərnəkdə toplamış, onların üzə çıxarılmasında, istedadlarının inkişaf etdirilməsində və  tanınmasında  böyük rol oynamışdır.

      Dağlıq Qarabağın Muxtar Vilayətinin İcraiyyə Komitəsinin şöbələrində müxtəlif vəzifələrdə, 01.08.1992-ci il tarixdən 10.02.1993-cü il tarixədək Azərbaycan Respublikası Prezidentinin Fövqəladə Səlahiyyətli Nümayəndəliyinin aparatında Milli Münasibətlər Şöbəsinin müdiri vəzifəsində, 1993-1999-cu illərdə Xocalı rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəis  müavini vəzifəsində, 1999-cu ildən Xocalı rayon İcra Hakimiyyətində İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində böyük məsləhətçi, 2000-ci ildən isə həmin şöbənin müdiri vəzifəsində işləmiş, 2009-cu ildən təqaüdə çıxmışdır.

      1982-ci ildə “Şərəf nişanı” ordeni, 2008-ci ildə isə üçüncü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

      "Daşlı cığır" adlı poemasında Arif Əliyev 20 günlük əsirlik həyatında çəkdiyi məşəqqətləri qələmə alıb. 2021-cu ildə "Daşlı cığır" adlı poeması kitab halında nəşrə hazırlanmışdır. 

Fotolar

Paylaş