DQİDK yanında İctimai Şuranın üzvləri Bakı şəhəri Dağ yəhudiləri dini icmasında olublar

Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın üzvləri Bakı şəhəri Dağ yəhudiləri dini icmasını ziyarət edib, dini qurumun fəaliyyəti ilə  yaxından tanış olublar.

Görüşdə dini icmanın sədri Milix Yevdayev, DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə və sədr müavini Çingiz Bayramov, üzvləri Rauf Zeyni, Vasif Sadıqlı, eyni zamanda Komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova iştirak edib.

İcma sədri Milix Yevdayev Azərbaycanda Dağ yəhudilərinin tarixi haqqında məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıya görə məmnunluğunu ifadə edib. Bildirib ki, müstəqilliyimizin bərpa olunmasından sonra ölkəmizdə yaşayan milli azlıqların, o cümlədən yəhudilərin həyatında yeni mərhələ başlayıb, milli azlıqların hüquq və azadlıqlarının qorunmasına, onların mədəniyyətinin inkişafına dövlət səviyyəsində dəstək verilməsi qeyri-islam dini icmaları, o cümlədən yəhudi icmaları qarşısında yeni imkanlar açıb. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il digər dini icmalara edildiyi kimi, yəhudi icmalarına da ayrılan maddi vəsaitlər yüksək qayğı kimi qiymətləndirilir. Hər il yəhudi xalqının əlamətdar bayramları münasibətilə dövlət başçısı tərəfindən ölkəmizdə bütün yəhudi icmalarına təbrik ünvanlanması, sinaqoqların tikilməsi və bərpası əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ənənənin yaşadılmasıdır.

İctimai Şura üzvləri Milix Yevdayevin, yəhudi icmasının  ölkəmizdə multikultural, tolerant ənənələrin qorunması istiqamətinə, eləcə də Azərbaycan həqiqətlərinin təbliğinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.  Eyni zamanda ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ölkədəki mövcud tolerantlıq mühitini daha da dərinləşdirdiyini, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirdiyini bildiriblər.

Sonda sinaqoqun ibadət zalı ilə tanış olan Şura üzvləri bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.  

 

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.