DQİDK yanında İctimai Şuranın növbəti iclası keçirilib

Oktyabrın 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın növbəti iclası keçirilib. Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva DQİDK-nın fəaliyyətinin aktual istiqamətləri barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 25 fevral 2022-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişikliyə və dövlət başçısının 11 mart 2022-ci il tarixli Fərmanına əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilib. Müvafiq dəyişikliklərə uyğun olaraq din xadimlərinin təyinatı ilə bağlı yeni qaydalar ictimaiyyətə təqdim olunub. 39 vakant vəzifənin tutulması üçün 270  namizədin sənədi qeydiyyata alınıb. 02 -13 avqust tarixlərində keçirilən müsahibədə sənədi qeydə alınmış 270 namizəddən 251 nəfəri iştirak etmişdir. Müsahibədən uğurla keçən 133 nəfər içərisində ən yüksək bal toplayanlar təyinat alaraq fəaliyyətə başlayıblar. Şöbə müdiri, eyni zamanda maarifləndirmə işinin effektivliyini artırmaq məqsədilə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan sənədli film və videoçarxlar haqqında məlumat verib.

DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə bugünədək İctimai Şura tərəfindən keçirilən görüşlərə toxunaraq əlaqəli qurumların İctimai Şuralarının koordinasiyalı şəkildə fəaliyyət göstərməsinin zəruriliyini vurğulayıb.

Cari məsələlərin  müzakirəsindən sonra  Şura üzvləri ekspert qrupu və Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə qərar qəbul ediblər.

 

Fotolar

Paylaş