2 İctimai Şura Baş nazirə müraciət etdi

Məlum olduğu kimi Azərbaycan Respublikası regionlarının təbii qazla təmin olunması üçün dövlət dəstəyi ilə genişmiqyaslı qazlaşdırılma işləri hayata keçirilmişdir.


“Azəriqaz” İB-nin açıqladığı statistik məlumatlara görə, 2009-2021-ci illərdə umumilikdə 1677 kənd və qəsəbə yeni qazlaşdırılmış, bunun nəticəsində ölkənin qazlaşdırılması səviyyəsi 96,3%-ə çatdırılmışdır. Qazlaşdırılma tədbirləri əhalinin sosial rifahının yüksəldilməsi ilə yanaşı, ətraf mühitin mühafizəsinin gücləndirilməsinə, meşələrin qırılmasının qarşısının alınmasına zəmin yaratmışdır. İşğaldan azad olunmuş ərazilər istisna olmaqla, 01.01.2022-ci il tarixə ölkə ərazisində təbii qazla təmin olunmayan 982 yaşayış məntəqəsi mövcuddur. Bu məntəqələrdən 426 kənd meşəətrafı ərazilərdə yerləşir. “Azəriqaz” İB cari ildə 68 kəndi qazlaşdıracaqdır ki, onlardan 25 məntəqə meşəətrafı ərazilərdə yerləşir. Meşəətrafı ərazilərdə yerləşən kəndlərin qazlaşdırılması ilə bağlı 2021-2022-ci illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Azəriqaz” İB arasında rəhbərlik səviyyəsində və həmin qurumların yanında yaradılmış İctimai Şuraların iştirakı ilə işçi görüşlər təşkil edilmiş, qeyd olunan məsələ ilə bağlı təqdimatlar keçirilmiş və müzakirələr aparılmışdır.

 

Məlumat üçün nəzərinizə çatdırırıq ki, hər il “Azəriqaz” İstehsalat Birliyi müxtəlif ərazilərdə yerləşən yaşayış məntəqələrin, o cümlədən meşəətrafı kəndlərin daxili imkanlar hesabına mərhələli şəkildə qazlaşdırılmasını da nəzərdə tutan kapital qoyuluşları proqramını tərtib edir, SOCAR tərəfindən təsdiq olunduqdan sonra isə onun icrasına başlanılır. Bir çox hallarda mənbədən uzaq məsafədə yerləşdiyindən və qaz xəttinin çətin relyef şəraitində çəkilməsi zərurəti yarandığından meşəətrafı məntəqələrin qazlaşdırılması yüksək maliyyətutumlu layihələrə çevrilir. Bunu da yalnız “Azəriqaz” İB-nin vəsaiti hesabına maliyyələşdirilməsi həmin layihələrin çox uzun müddət ərzində (illərcə) reallaşmasına gətirib çıxara bilər. Ətraf mühitin qorunub saxlanılması, ekoloji şəraitin yaxşılaşdırılması, qızdırılma məqsədilə meşələrin qırılmasının qarşısının alınması, 982 yaşayış məntəqəsi üzrə 90.000 fərdi yaşayış evinin olması və orta hesabla hər bir evdə 4 nəfərdən ibarət ailənin, ümumilikdə isə həmin ərazidə 360 000 əhalinin yaşamasını və onların həyat tərzinin yaxşılaşdırılmasına xidmət edən zəruri, o cümlədən qaz təchizatı sahəsində kommunal xidmətlərin təqdim olunmasının prioritetliyini, eləcə də reallaşdırılması üçün külli miqdarda vəsaitin tələb olunduğunu nəzərə alaraq, bu layihənin dövlət səviyyəsində maliyələşdirilməsi daha məqsədəuyğun hesab edilir.

 

Onu da bildirmək lazımdır ki, yuxarıda qeyd olunan 982 yaşayış məntəqəsindən 135 000 əhalisi olan 426 yaşayış məntəqəsi meşə ətrafında yerləşir. Bunlardan texniki iqtisadi cəhətdən qazlaşdırılması səmərəli hesab edilən 235 məntəqə üzrə təqribən 96 000 əhali yaşayır. “Azəriqaz” İB cari il ərazində əhalisi təqribən 11 000 minə bərabər 25 yaşayış məntəqəsini daxili imkanları hesabına qazlaşdırmaq imkanına malikdir. Bu tempi əsas götürsək, 235 yaşayış məntəqəsi Birlik tərəfindən 9 il 6 aya qazlaşdırılma başa çata bilər ki, bu da qaz ölkəsi üçün kifayət qədər uzun müddətdir. Bununla belə, texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəsiz hesab olunan, əhalisi təqribən 39 000 təşkil edən 191 yaşayış məntəqəsi də vardır.

 

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planının 4.1.5-ci bəndinə görə texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəsiz qiymətləndirilən yaşayış məntəqələri, o cümlədən meşəətrafı kəndlər alternativ enerji növləri ilə təmin olunmalıdır.

Qeyd edək ki, Respublikamızın meşə fondu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14%-ni, meşə ilə örtülü sahələr isə 1046,76 min hektardır ki, bu da ölkə ərazisinin 12%-ni təşkil edir. Ölkəmizdə adambaşına düşən meşə sahəsi qonşu Gürcüstan Respublikası ilə müqayisədə təxminən 3 dəfə azdır. Göründüyü kimi, regionun qonşu ölkələrilə müqayisədə Azərbaycan azmeşəli ölkədir və meşələrin artırılması, mühafizəsi, o cümlədən meşə təsərrüfatından beynəlxalq təcrübələr əsasında davamlı və səmərəli istifadə edilməsi prioritetdir.

 

Meşəətrafı ərazilərdə odun tədarükünün ildən ilə çətinləşməsi, mümkünsüzləşməsi səbəbindən təbii qazın verilməsi tələbi ilə əlaqədar vətəndaşlar tərəfindən “Azəriqaz” İB yanında fəaliyyət göstərən İctimai Şuraya daxil olan müraciətlərin sayı da artmaqdadır.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və SOCAR “Azəriqaz” İB yanında fəaliyyət göstərən İctimai Şuraların üzvləri olan vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri yuxarıda qeyd olunan yaşayış məntəqələrinin yaxın gələcəkdə hökumət səviyyəsində maliyyə vəsaiti ayrılmaqla qazlaşdırılmasını məqsədəuyğun hesab edərək bu istiqamətdə köməklik göstərilməsini Sizdən xahiş edir. Əminik ki, bu tədbir vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə yanaşı, ətraf mühitin mühafizəsinin gücləndirilməsinə, meşələrə mənfi təsirlərin azalmasına da ciddi töhvəsini verəcəkdir.

 


Paylaş