FHN yanında İctimai şura çimərlik mövsümünə hazırlıqla bağlı görüş keçirib - FOTOLAR

13 iyun 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində (Xidmət) çimərlik mövsümünə hazırlıqla əlaqədar FHN yanında İctimai şuranın iclası keçirilib.

İclasın keçirilməsində əsas məqsəd Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qarşıdan gələn çimərlik mövsümü ilə əlaqədar həyata keçirdiyi aidiyyəti təhlükəsizlik tədbirləri və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub.

İclasda İctimai şuranın sədri Fuad Hacızadə və şuranın digər üzvləri, FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarə rəisinin müavini Gündüz Həmzəyəv, İctimaiyyətlə əlaqə idarəsinin şöbə müdiri Pərviz Cəfərov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini daxili xidmət polkovniki Seymur Qaraşov və Xidmət əməkdaşları iştirak ediblər.

İclasda Xidmətin nümayəndələri tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə geniş məlumat verilib. Bildirilib ki, aprel ayından etibarən sahilboyu ərazilərdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Monitorinqlər zamanı çimərlik üçün təhlükəsizlik baxımından istifadəyə yararsız və təhlükəli ərazilər müəyyən edilib. Monitorinqlərin nəticəsi olaraq, yerli icra hakimiyyətlərində müvafiq qurumların nümayəndələrinin iştirakı ilə aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması məsələlərinə həsr olunan işçi müşavirələr keçirilib, müvafiq tapşırıqlar verilib.

Bununla yanaşı, Xidmətin nəzarət etdiyi çimərliklərdə, o cümlədən IDEA İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış ictimai çimərliklərdə dalğıclar tərəfindən sualtı müayinələr aparılıb və sahil zolağı mövcud yad cisimlərdən (daş, qaya parçaları və s.) təmizlənib. Xidmətin balansında olan xilasetmə texnika və vasitələri, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadə olunan avadanlıqların texniki vəziyyəti bir daha nəzərdən keçirilib.

Hazırda Xidmətin nəzarət etdiyi çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanların və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarıfləndirilməsi üçün xüsusi lövhələrin yerləşdirilməsi işləri yekunlaşmaq üzrədir.

Xidmət tərəfindən çimərlik mövsümünə hazırlıqla bağlı görülən işləri yüksək qiymətləndirən İctimai şura üzvləri sahilboyu ərazilərdə aparılmış monitorinqlər nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumlarla birgə fəaliyyətin əhəmiyyətindən danışıblar.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclas zamanı İctimai şura üzvləri məsələ ilə bağlı fikir və təkliflərini bildiriblər. Gələcəkdə çimərlik mövsümü zamanı keçiriləcək monitorinqlərə İctimai şura üzvlərinin cəlb olunması da qərara alınıb.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.