Zəngilanlı mütəxəssis və işsizlərin rayon ərazisində bərpa-quruculuq işlərinə qatılması arzusu rayon rəhəbərliyi tərəfindən müsbət qarşılanıb

     Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü ilə Zəngilanın bərpa-quruculuq işləri və yeni obyektlərin inşasında iştirak etmək istəyində olan bir qrup rayon sakinləri arasında ictimai sorğu keçirilib, onların fikir və təklifləri qeyd edilib. Sorğu nəticəsində onlarla müxtəlif sahə üzrə mütəxəssis və işsiz qalan rayon sakinlərinin bərpa işlərinin kütləvi vüsət aldığı indiki dövrdə Zəngilanda quruculuq işlərinə qatılması arzusunda olmaları və bunun üçün onlara dəstək lazım olduğu qənaətinə gəlinib.  

     Sorğunun nəticələri əsasında İctimai Şura səyyar qəbulların birində rayon rəhbərliyinə məlumat verərək, qeyd edilən isanların Zəngilanda bərpa-quruculu işlərinə qatılmaq və onların da doğma rayonun dirçəldilməsində rolu olması istəklərinə dəstək göstərilməsi təklifi ilə çıxış edib. Rayon İcra Hakimiyyətinin rəhbərliyi sakinlərin bu niyyətini alqışlayaraq, onlara lazımi kömək göstərilməsi ilə bağlı müvafiq yerli təşkilatlara və məsul şəxslərə göstərişlər verib. 

     Qərara alınıb ki, müxtəlif sahələr üzrə mütəxəssislər və işsiz vətəndaşların arzuları əsasında onların hansı sahələr üzrə ixtisaslaşması və digər məlumatlar toplanaraq Zəngilan rayonu ərazisində hazırda tikinti-quruculuq işlərində çalışan və eyni zamanda planlaşdırılan işlər üzrə tenderlərdə qalib gələn şirkətlərin rəsmiləri ilə görüşlər təşkil edilsin. Görüşlər əsnasında qeyd edilən insanların rayon ərazisindəki işlərdə işlə təmin olunması üçün şirkətlərdə vakant yerlərə və əlavə tələbat yaranarsa ştatlara yerləşdirilməsi ilə bağlı müraciət edilsin.

     Sosial şəbəkələrdə ictimai sorğu ilə bağlı müraciətin müzakirəsindən sonra yekun qərar rayon ictimaiyyətinə çatdırılıb və bu proses davam edir. İctimai Şura Böyük Qayıdışa dəstək üçün müxtəlif təklifllər üzərində işlər aparır. Qarşıda bu istiqamətdə yeni təkliflər olacaq. 

Fotolar

Paylaş