Xaricdə işləyən soydaşlarımızın pensiya təminatında mühüm yenilik

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir. Bu sənədin əhəmiyyəti ilə bağlı “vergiler.az”ın suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisadçı ekspert, professor Elşad Məmmədov cavablandırıb.

- Elşad müəllim, Rusiya hökuməti ilə bağlanmış müqavilənin Azərbaycan vətəndaşları üçün əsas əhəmiyyəti nədir?

- Məlumdur ki, digər ölkələrlə müqayisədə Rusiyanın əmək bazarında məşğul olan soydaşlarımızın sayı daha çoxdur. Onların sosial təminatı, o cümlədən pensiya təminatı məsələsi son onilliklərdə mühüm əhəmiyyət daşıyırdı. Çox böyük əziyyətlər hesabına digər dövlətin əmək bazarında öz yerlərini tapan vətəndaşlarımızın sosial təminatı, pensiya təminatı faktiki olaraq çox böyük sual altında idi və olduqca problemli məsələyə çevrilmişdi. Həmin şəxslərin sosial təminatı Azərbaycan iqtsadiyyatı üçün də böyük yük idi. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rusiyalı həmkarları ilə yeni müqaviləni imzalaması ciddi nailiyyət kimi qəbul olunmalıdır. Bu sənədin imzalanması soydaşlarımızın pensiya təminatı baxımından zəruri olmaqla yanaşı, Azərbaycanda çalışan Rusiya vətəndaşları üçün də əhəmiyyətlidir. Onların bir hissəsi pensiya yaşına çatdıqda Rusiya Federasiyasına köçür. Bundan sonra onların da sosial müdafiəsi təmin olunacaq.

Yeni müqavilə ilə Azərbaycana qayıdan soydaşlarımızın illər ərzində
Rusiyanın əmək bazarında fəaliyyəti xeyli dərəcədə dəyərləndirilmiş olacaq.

- Bu müqavilə Rusiyada işləyib yaşlananda Azərbaycana qayıdan vətəndaşlarımızın pensiya təminatına necə təsir edəcək?

- Rusiyada yaşayan və işləyən Azərbaycan vətəndaşlarının xeyli hissəsi yaşlandıqda ölkəmizə qayıdırdılar. Onların pensiya təminatının olmaması həm sosial nöqteyi-nəzərdən, həm də iqtisadiyyat baxımından kifayət qədər böyük problemə çevrilmişdi. Yeni müqavilə ilə Azərbaycana qayıdan soydaşlarımızın pensiya təminatında faktiki olaraq onların illər ərzində Rusiyanın əmək bazarında fəaliyyəti xeyli dərəcədə dəyərləndirilmiş olacaq. Çünki o insanlar Rusiyada da, Azərbaycanda da, digər ölkələrdə də çalışsalar, faktiki olaraq öz əməkləri ilə pensiya təminatı haqqını tam şəkildə qazanıblar. Əgər insanlar öz faəliyyətlərini qanuni şəkildə qurublarsa, vergi ödəyiblərsə, sosial ödənişləri ediblərsə, sosial ədalət nöqteyi-nəzərdən onların pensiya təminatı reallaşdırılmalıdır.

Vurğulamaq istərdim ki, Rusiya bu məsələdə “açar” dövlət idi.
Çünki Rusiyada çalışan soydaşlarımızın həm sayı, həm də onlar üçün ayrılacaq
sosial təminatın məbləği kifayət qədər böyük rəqəmlərlə ifadə olunur.

- Türkiyə və digər ölkələrdə də işləyən vətəndaşlarımız var. Gələcəkdə analoji müqavilələrin digər ölkələrlə imzalanması imkanlarına necə baxırsınız?

- Belə hesab edirəm ki, bu istiqamətdə danışıqlar getməlidir. Vurğulamaq istərdim ki, Rusiya bu məsələdə “açar” dövlət idi. Çünki Rusiyada çalışan soydaşlarımızın həm sayı, həm də onlar üçün ayrılacaq sosial təminatın məbləği kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Amma bu o demək deyil ki, digər ölkələrdə çalışan vətənmdaşlarımız diqqətdən kənarda qalmalıdırlar. Unutmaq olmaz ki, sosial ədalət prinsipinin bərqərar olması, ölkənin sosial statusa malik olması baxımından bu qəbildən olan qərarlar reallaşdırılmalıdır. İnsanlar illərlə qanuni şəkildə əmək bazarında təmsil olunublarsa, onların pensiya təminatı sosial ədalət məsələsidir və bu, dövlət üçün bu prioritet olmalıdır. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir.

Müsahibəni hazırladı:
Fərqanə ALLAHVERDİQIZ

vergiler.az


Paylaş

Aktiv sorğu yoxdur.