Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə dərsliklərin ictimai müzakirəsi keçirilib - FOTOLAR

Aprelin 29-da Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələr çərçivəsində növbəti müzakirə təşkil olunub.

“Dərsliklərin ictimai müzakirəsi” mövzusuna həsr olunan müzakirədə təhsil nazirinin müşaviri Elnur Nəsibov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, ARTİ-nin direktoru Rüfət Əzizov, İctimai Şuranın üzvləri, təhsil mütəxəssisləri, dərsliklərin müəllifləri və ictimai fəallar iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, müzakirənin əsas məqsədi dərsliklərin keyfiyyətinin artırılması məqsədi ilə ictimai müzakirənin təşkil edilməsinin əhəmiyyəti, mütəxəssislərin və ictimaiyyətin fikirlərini dinləmək, onları narahat edən məsələləri müzakirə etmək və təkliflərini öyrənməkdir.

Müzakirədə çıxış edən təhsil nazirinin müşaviri Elnur Nəsibov bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq, ictimai rəyi öyrənmək və ekspertlərin rəylərinin dərsliklər haqqında olunan müzakirələrə müsbət fayda verəcəyini bildirib.

Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu dərsliklər hazırlanarkən orada bilik və bacarıqların aşılanmasının mühim amillərdən bir olduğunu bildirdi. Çıxışı zamanı V. Yaqublu gələcəkdə təhsilin texnoloji yeniliklərə tam uyğunlaşacağından, dərsliklərin keyfiyyətindən, dərslik ekspertizası haqqında məlumat verdi .

ARTİ-nin direktoru Rüfət Əzizov ARTİ-nin dərsliklərin hazırlanması, müəlliflərin bacarıqlarının artırılması sahəsində görülən işlərdən danışdı.

Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev müstəqillik dövründə dərsliklərin hazırlanması tarixi və müasir dərsliklərin standartları haqqında təqdimat edib.

Dərslik hazırlığı üzrə ixtisaslaşan nəşriyyat və müəlliflərin çətinliklərindən danışan Rafiq İsmayılov yaxşı dərslik yazmaq üçün təcrübənin vacibliyini qeyd edib.

Çıxış edən təhsil mütəxəssiləri onları narahat edən məqamları və bu istiqamətdə təkliflərini çatdırıblar. Müzakirələrdə dərslik yazan müəlliflərin hazırlanması, standartların yenidən baxılması, dərsliklərə www.trims.edu.az portalında rəyin bildirilməsi və digər məsələlərə diqqət çəkilib.


Paylaş

Aktiv sorğu yoxdur.