İctimai nəzarətin həyata keçirilməsi üçün yeni institusional formatın yaradılması çatışmazlıqların aradan qaldırılması baxımından mühüm mexanizm olacaq

İctimai iştirakçılığın və ictimai nəzarətin inkişafı etdirilməsi dövlətimizin başçısının diqqətindədir. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərini bildirməsi bunun əyani sübutudur. Prezident İlham Əliyev ictimai nəzarətə xüsusi önəm verməklə yanaşı, bu sahəsinin inkişaf edərək davamlı və daha səmərəli forma almasını istəyir. Ötən illərin təcrübəsini təhlil etdikdə bir daha uğurların və çatışmazlıqların olduğunu görə bilərik. 2014-cü il iyunun 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrasında müəyyən dövrdə problemlər yaranıb. Bu istiqamətdə yeni mərhələ 2021-ci ildən başlayıb. 2021-ci ilədək mərkəzi icra hakimiyyətləri yanında 12 ictimai şura fəaliyyət göstərib. Ötən il isə digər 8 mərkəzi icra hakimiyyəti yanında ictimai şura yaradılmaqla, ümumilikdə mərkəzi icra hakimiyyəti yanında ictimai şuraya seçkilər keçirilib. Hazırda 20 mərkəzi icra hakimiyyəti yanında ictimai şuralar fəaliyyət göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

O deyib ki, ictimai şuralara keçirilən seçkilər, həmin qurumların fəaliyyətində olan müəyyən qeyri-davamlılıq və digər məqamlar ictimai şuraların vahid mərkəzdən koordinasiya olunması ehtiyacını gündəmə gətirir. Həmçinin bəzi dövlət qurumlarının ictimai şura yarandıqdan sonra ictimai iştirakçılığın digər formalarına (ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə) az diqqət göstərməsi də müşahidə olunur. İctimai nəzarətin həyata keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən ideya kimi irəli sürülən yeni institusional formatın meydana gəlməsi çatışmazlıqların aradan qaldırılması baxımından mühüm mexanizm olacaq.

“Etiraf etmək lazımdır ki, ictimai nəzarət adı altında fərdi və korporativ maraqlar güdən bəzi qeyri-qanuni qurumların yaranması tendensiyası da mövcuddur. Yeni institusional format bu mənfi tendensiyanın aradan qaldırılması üçün əhəmiyyətli rol oynaya bilər. Prezident İlham Əliyevin çıxışından sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə bu sahədə ixtisaslaşmış QHT-lərin iştirakı ilə dəyirmi masa keçirildi. Biz QHT-lər həmin tədbirdə dövlətimizin başçısının ictimai nəzarətin institusional formatının işlənib hazırlanması ilə bağlı ideyasını dəstəklədiyimizi bildirdik. Eyni zamanda, mümkün mexanizmlər və fəaliyyətlər haqqında fikir mübadiləsi aparıldı və səmərəli təkliflər səsləndirildi. Hesab edirəm ki, müzakirələr ekspertlər səviyyəsində davam etdirilməli, ictimai nəzarətin daha səmərəli və davamlı keçirilməsi üçün institusional format işlənilib hazırlanmalıdır”, - deyə Cəsarət Hüseynzadə qeyd edib.


Paylaş