İctimai Nəzarət Şurasının üzvləri qış imtahan sessiyasını izləyiblər

Yanvarın 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimai Nəzarət Şurasının üzvləri qış imtahan sessiyasının gedişini izləyiblər.

UNEC-dən bildirilib ki, şura üzvləri əsas tədris binasında, həmçinin texniki və texnoloji ixtisasların tədris olunduğu 3 saylı tədris binasında imtahan prosesinin monitorinqini aparıblar. UNEC-in prorektoru Gəray Musayev şura üzvlərinə tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin şəffaf və obyektiv qaydada keçirilməsi məqsədilə görülən işlər barədə məlumat verib. Bildirib ki, imtahanlar test üsulu ilə keçirilir və hər sessiya dövründə olduğu kimi, bu il də imtahan prosesində tələbələrin müraciətlərinin operativ araşdırılması məqsədilə qərargahlar fəaliyyət göstərir.

Həmçinin imtahanlarla bağlı yarana biləcək məsələlərlə əlaqədar tələbələrə onlayn qaydada apellyasiyaya müraciət etmək imkanı yaradılıb. Qeyd olunub ki, sessiya dövründə İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

UNEC İctimai Nəzarət Şurasının sədri, Milli Məclisin deputatı Etibar Əliyev, Milli Məclisin deputatı Arzu Nağıyev, “Modern” Media Qrupunun baş direktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, “Təhsil Şurası” İctimai Birliyinin sədri professor Hikmət Əlizadə, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov tələbələrin imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu vurğulayıblar.

Sonra şura üzvləri oxu zallarında tələbələrin imtahana hazırlıq prosesi ilə tanış olublar.


Paylaş

Aktiv sorğu yoxdur.