Bir-birlərini bıçaqlayan şagirdlərlə görüşəcə- İctimai Şura sədri

“Hadisənin harada baş verməsindən asılı olmayaraq bu, yeniyetmələr arasında şiddətin göstəricisidir. Təəssüf olsun ki, yeniyetmələrimiz şiddətə meyillidir”.


Bu fikirləri Modern.az-a Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova şagirdlərin bir-birini bıçaqlamasına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, məktəblərdə şiddətin olması onu göstərir ki, biz tədris vasitələrimizdə humanistliyi aşılayan mövzuları daha çox önə gətirməliyik:
 

"Şiddət əleyhinə ciddi fəaliyyətə başlanılmalıdır. Zorakılığı yalnız məktəbdə tədris vasitələrini gücləndirməklə aradan qaldıra bilməyəcəyik. Bu, dünyanın heç bir yerində mümkün deyil. Belə hallarla bir az geniş mübarizə aparmalıyıq. Valideynlər və məktəb bizə dəstək verməlidir”.


Adı davamlı olaraq xoşagəlməz hadisələrdə hallanan məktəblərin Təhsul Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən daim nəzarətdə olduğunu bildirən Şura sədri qeyd edib ki, təlim-tərbiyə işləri ilə həmin qurumlar daha çox məşğul olurlar:


“İndi yeniyetmələrin oynadıqları oyunlar şiddət yüklüdür. Bir-birini bıçaqlayan, şiddət göstərən yeniyetmələr buna reallıq kimi yox, oyun kimi yanaşırlar.
Texnoloji baxımdan çox çətin dövrə qədəm qoymuşuq. Müəllimlərə də deyirəm, telefonu uşaqların əlindən ala bilməyəcəyik, qadağan etsək, daha pis nəticələrlə qarşılaşacağıq. Uşağa telefondan doğru istifadəni, “YouTube”dan araşdırma etməyi, qrup şəklində maarifləndirici, öyrədici videolara baxmağı öyrətməliyik. Daha sonra baxılan videolar ətrafında uşaqların müzakirəsi təşkil olunmalıdır. Bundan başqa çıxış yolumuz yoxdur”.


Günel Səfərova yanvarın 10-da bir-birlərini bıçaqlayan şagirdlərlə görüşünün nəzərdə tutulduğunu bildirib:


“Bu məsələ ilə bağlı araşdırmada ən azı iştirak etmək, onlarla danışmaq istəyirəm. Bu kimi hadisələr araşdırıldıqda şagirdlərin o qədər daxili travmaları üzə çıxır ki...  Ailədaxili problemlərin də burada rolu az deyil. Bütün bu hadisələrin kökündə bilmədiyimiz səbəblər, travmalar yatır”.


Paylaş