İctimai Şura Sumqayıt Dövlət Dram Teatrında görüş keçirib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə yaradıcı heyət arasında Sumqayıt Dövlət Dram Teatrında görüş keçirilib. Görüş zamanı “Teatr kollektivinin fəaliyyətinə yeni baxış” mövzusunda fikir mübadiləsi aparılıb.

İctimai Şuranın sədri Gəray Əlibəyli bildirdi ki, biz milli mədəniyyətimizin müasir inkişaf konsepsiyasına yönəlik bütün təklif və ideyaları dəstəkləyir, bu işlərin gerçəkləşməsi üçün təkliflərimizi Nazirliyin rəhbərliyinə təqdim edirik. Mədəniyyət Nazirliyinin internet səhifəsində İctimai Şura bölməsi yaradılacaq və nəticədə təkliflərin daha operativ şəkildə rəhbərliyə çatması təmin ediləcək.

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov Milli teatrın yeni mərhələdə təşəkkülü, müasir Azərbaycan teatr modelinin qurulması üçün təkliflər paketini Nazirliyə göndərdiyi barədə məlumat verdi. Eyni zamanda direktor onu da qeyd etdi ki, aktyorların sənətkarlıq məharətini yüksəltmək üçün Mədəniyyət Nazirliyinin nəzdində Ali Teatr məktəbinin təsis edilməsi daha effektiv olar.

Sonda Azərbaycan Respublikasıın Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli görüşün əhəmiyyətini, habelə bu qəbildən olan görüşlərin effektliyini vurğuladı və bildirdi ki, biz İctimai Şura olaraq, bütün təklif və təşəbbüsləri təhlil edir və Mədəniyyət Nazirliyinin rəhbərliyinə təqdim edirik.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.