Şəhid, qazi və aztəminatlı sosial təbəqədən olan ailələrlə görüşlər keçirilib

Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri 10 Oktyabrda Aran rayonlarına səfər zamanı şəhid və qazi ailəsi, həmçinin həssas sosial təbəqədən olan bir ailə ilə görüşdə olub.

Şuranın sədri Sənan Məhərrəmov və fəal üzvü Dilşad Həsənova bir qrup Zəngilan ziyalısı ilə əvvəlcə Şirvan şəhərinin Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Xəqani Füzuli oğlu Məmmədovun məzarını ziyarət edərək, Suqovuşan uğrunda döyüşlərdə şəhid olmuş igid döyüşçümüzün il mərasimində və yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışında iştirak ediblər.

Qeyd edək ki, 4 oktyabr tarixində qəhrəmancasına şəhid olan Xəqani Məmmədovun nəşini həmin ərazidə döyüşlər davam etdiyidən Suqovuşan düşməndən azad edildikdən bir neçə gün sonra, 9 oktyabr 2020-ci il tarixdə götürmək mümkün olub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məmmədov Xəqani Füzuli oğlu ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Daha sonra şura üzvləri Sabirabad rayonunda müvəqqəti məskunlaşan iki ailənin qonağı olublar. Onlar Vətən müharibəsi qazisi, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş Namiq Qasımzadənin sağlamlığı və müalicəsinin gedişatı ilə bağlı bilgilər alaraq, cəsur döyşçümüzün və onun ailəsinin digər qayğıları ilə də maraqlanıblar.

Ağa Qasımzadə oğlunun ötən ilin oktyabrında Füzuli ərazisində minaya düşərək sol gözünü itirdiyini, bel nahiyyəsində sınıqların, ayaqlarının isə ciddi zədələndiyini (sağ pəncəsini itirib) və əməliyyata ehtiyac olduğunu bildirib. Şura üzvləri hazırda "Yaşat" fondunun nəzarətində olan Namiqin müayinə və müalicəsini diqqətdə saxlayacaqlarını, eləcə də qazimizin qayğılarının həllinə nail olunması üçün aidiyyatı qurumlara müraciət ediləcəyini bildiriblər.

Sənan Məhərrəmov  və Dilşad Həsənova həmin ərazidə yaşayan tənha qadına da baş çəkiblər. Qəndili Rüstəm qızı Hacıyevanın çətinlikləri ilə tanış olan şura üzvləri, heç bir köməyi olmayan və sosial müavinət almayan 53 yaşlı qadının işsizlik probleminin həlli üçün çalışacaqlarını söyləyiblər.

Fotolar

Paylaş