Anım Günü şəhid və qazi ailələrində qeyd edilib
Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri Vətən müharibəsinin Anım Günü ilə əlaqədar ötən il torpaqlarımızın düşməndən azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşən şəhid və qazi ailələrini ziyarət ediblər.
Vətən müharibəsinin şəhidi Sənan Şahin oğlu Abdullayevin şərəfli döyüş yolu ilə yaxından tanış olan İctimai Şuranın sədri Sənan Məhərrəmov, şura üzvləri Dilşad Həsənova, Roza Fərəcova və qazi Salam Quliyev ailənin qayğıları ilə maraqlanıblar. Qeyd edək ki, oktyabrın 5-də Füzulinin azad edilməsi uğrunda döyüşlərdə snayper gülləsi nəticəsində şəhid olan Sənan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Sonra İctimai şuranın üzvləri Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsinədək döyüş yolu keçmiş qazi Fərman Rafiq oğlu Quliyevlə görüşüblər. Quliyevlər ailəsi 20 yaşlı qazimizin noyabrın 7-də Şuşada gözündən ağır yaralandığını, nəticədə görmə qabiliyyətinin bir gözündə itdiyini, digərində yaranan fəsada görə isə 0.4 səviyyəyə düşdüyünü bildiriblər.
Şura üzvləri bu qəhrəman vətən oğullarının ictimaiyyətə daha yaxından tanıdılması və gənc nəslə vətənpərvərlik nümunəsi məqsədilə xüsusi təyinatlıların heyətində Kəlbəcərdən Şuşayadək igidliklə döyüşən Fərman Quliyev və Füzuli uğrunda döyüşlərdə şəhid olmuş Sənan Abdullayev haqqında film çəkilişi üçün Zəngilanın Çinar Media Mərkəzinə müraciət ediləcəyini söyləyiblər. Şura üzvləri bildiriblər ki, fəaliyyətdə olduqları müddətdə digər şəhid və qazilərimizlə bağlı belə media layihələrə xüsusi önəm verəcəklər.
Görüşlərdə bu ailələrə aid müəyyən məsələləri qeydə alan şura üzvləri, şəhid ailəsinin, eləcə də qazimizin çətinliklərinin həll olunmasında yaxından iştirak edəcəklərini deyiblər.