“Hökumət-QHT-biznes tərəfdaşlığı: beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilib - FOTOLAR

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Açıq Hökumət Platforması ilə əməkdaşlıqda “Hökumət-QHT-biznes tərəfdaşlığı: beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilib.  

Konfransın məqsədi müxtəlif xarici ölkələrin dövlət orqanlarının vətəndaşlar, ictimai təşkilatlar və biznes qurumları ilə qabaqcıl əməkdaşlıq təcrübəsini öyrənməkdir.

Konfransda salamlama sözləri ilə MG Consulting şirkətinin direktoru Məhəmməd Quluzadə, Açıq Hökumət Platformasının katibi Zaur İbrahimli və Qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəzin (ICNL, ABŞ) vitse-prezidenti Natalia Burjaily çıxış edib.

Tədbirdə Dövlət Reklam Agentliyi, “Qarabağ Dirçəlif Fondu” Publik Hüquqi Şəxsi, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, QHT Agentliyi, İçəri Şəhər Dövlət Qoruğu və TƏBİB nümayəndələri, o cümlədən yerli QHT-lər və biznes nümayəndələri də iştirak edib.

Tədbirdə təqdimatla çıxış edən Qeyri-kommersiya hüququ üzrə Beynəlxalq Mərkəzin (ICNL, ABŞ) vitse-prezidenti Natalia Burjaily hökumət- vətəndaş cəmiyyəti təşkilatları-biznes əməkdaşlığının istiqamətləri, maliyyə mexanizmləri, eləcə də ABŞ nümunəsi, Qazaxıstan və Rusiyadan olan iştirakçılar ICNL-ın Qazaxıstan üzrə tərəfdaşı Gulmira Kujukeyeva və ICNL-in Rusiya ofisinin rəhbəri Darya Miloslavskaya bu sahədə müvafiq olaraq Qazaxıstan və Rusiya təcrübəsi barədə təqdimatla çıxış ediblər.

İştirakçılardan Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir də təqdimatla çıxış edərək ADRA-nın fəaliyyətində QHT və biznes əməkdaşlığı barədə məlumat verib, vətəndaşlardan gələn şikayətlərin, ərizələrin həlli üsulları, sosial şəbəkələr üzərindən Agentliyin fəaliyyəti və vətəndaşlarla birbaşa ünsiyyət məsələləri ilə bağlı ətraflı çıxış edib.

Dövlət Turizm Agentliyinin nümayəndəzi Azər Orucov Agentliyin biznes və QHT-lərlə əməkdaşlıq təcrübəsindən danışıb, Gəncə-Arqobiznes Assosiasiyasının nümayəndəsi Vüqar Babayev və Rotary Club İctimai Birliyinin nümayəndəsi Emil Həsənov isə vətəndaş cəmiyyətinin inkişafına biznes və dövlət dəstəyinin istiqamətləri və üsulları barədə, bu sahədə problemlərin həlli haqqında maraqlı çıxışlar ediblər.  

 

 


Paylaş

Aktiv sorğu yoxdur.