Yevlaxda 2 Fevral Gənclər gününə həsr edilmiş tədbir keçirilmişdir
2 Fevral – Gənclər günü münasibətilə Yevlax şəhərindəki “Hayat” restoranında bayram tədbiri keçirildi. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran Regional Nümayəndəliyinin rəhbəri Elvin Əjdərli, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax sektorunun rəhbərliyi, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri və Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Şəhərin mərkəzində yerləşən abidəsi ziyarət etdilər.Abidənin önünə gül dəstələri qoyaraq Ulu Öndərin müqəddəs ruhuna öz ehtiramlarını bildirdilər.
Tədbirin davamında Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova ölkəmizin ictimai-siyasi həyatında gənclərin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi qəhrəmanlıqdan bəhs edərək ölkəmizin inkişafında gənclərin rolu və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışdı.
Bildirdi ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin bütün bölgələrində gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli toplum kimi yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir. Gənclərlə iş sahəsində görülən işlər, qəbul edilmiş Dövlət proqramları, qanunlar, fərman və sərəncamların hər birinin ana hədəfi Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, bilavasitə ölkəmizin inkişafıdır.Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur.
Dövlətimiz tərəfindən həyata keçirilən addımların nəticəsidir ki, Azərbaycan gənci durmadan inkişaf edərək çağdaş dövrün tələbləri ilə səsləşir, milli maraqlar uğrunda əzmlə mübarizə aparır, Vətəni göz bəbəyi kimi qoruyur. Ulu Öndərin uzaqgörən siyasi kursunda gənclərin əsl vətənpərvər kimi yetişdirilməsində müstəsna yerlərdən birini tutur.
İndi qalib Azərbaycan gənci “Böyük Qayıdış” proqramının icrası ilə daha bir milli prioritetin gerçəkləşməsində önəmli vəzifələr icra etməkdədir. Gənclərimiz azad olunmuş ərazilərinin simasında yenidən inşa olunan Azərbaycan torpaqlarında yaşayıb, yaradır, gələcək nəsillər üçün xoşbəxt həyat şəraiti qurmağa çalışırlar.Artıq ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanda yaşayan, qalib Ölkənin qalib gəncləri xoşbəxtdirlər.
Tədbirdə əyləncəli viktorinalar keçirilmiş, rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən gənclərə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu.