Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində növbəti “Əbədiyaşar Lider” adlı tədbir keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon təhsil sektorunun, R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əbədiyaşar Lider” adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova,GİKM-in Mərkəzi Aran Regional nümayəndəliyinin rəhbəri Elvin Əjdərli, Şəhid ailələrinin üzvləri,təhsil, mədəniyyət işçiləri, məktəbin kollektivi və Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində Qoyunbinəsi kəndindən olan şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül dəstələri düzüb, Şəhidlərin müqəddəs xatirələrinə öz ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müasir, müstəqil Azərbaycanın qurucusu, dünyanın ən böyük Azərbaycanlısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə olan misilsiz xidmətlərindən geniş söhbət açaraq,qeyd ediblər ki, Ulu Öndər xalqımızın xilaskarı kimi öz adını tariximizə qızıl hərflərlə yazdırmış şəxsiyyətdir. Bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərimizin siyasi ideyalarına sadiq qalaraq Azərbaycanın hərtərəfli inkişafını və ərazi bütövlüyünü tam şəkildə bərpa edib.
Sonra Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbirdə Qoyunbinəsi kənd tam orta məktəbinin şagirdləri tərəfindən Xalqımızın Ümumilli Lideri Heydər Əliyevə həmçinin milli və vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirilib, bədii kompozisiyalar təqdim olunub, şagirdlərin və mədəniyyət işçilərinin təqdimatında musiqi və rəqs nömrələri, eləcə də idmançı gənclərin müxtəlif idman növlərinə aid çoxsaylı hərəkətləri nümayiş etdirilib.
Tədbir çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Ulu Öndərin izləri ilə” mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsində ilk dörd yerin qalibi olmuş məktəblilərə Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Tədbirin sonunda iştirakçılar məktəblilərin hazırladığı rəsm və əl işlərindən ibarət ibarət olan sərgiyə baxış keçiriblər.