Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura

Yevlaxda 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “31 Mart Soyqırımı unudulmaz tarixi yaddaşımızdır” mövzusunda keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, gənclərYevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Əvvəlcə tədbirdə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 31 Mart Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai və siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova qeyd etdi ki, bu gün erməni təcavüzkarlarının azərbaycanlılara qarşı törətdiyi 31 Mart soyqırımının 105-ci ildönümüdür. Bu hadisə təbii ki, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin bir hissəsi idi. Soyqırımı nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Yaşayış məntəqələrimiz, tarixi abidələrimiz, məscid və qəbiristanlıqlarımız viran edilib. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. 31 Mart soyqırımına siyasi-hüquqi qiymət Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə verildi. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı Azərbaycanın genosid konsepsiyası kimi qəbul edilib. Ulu öndərin Fərmanından irəli gələn vəzifələrə əsasən, ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb.Azərbaycan dövləti və xalqı bu qanlı faciəni heç zaman unutmur, soyqırımı qurbanlarının əziz xatirəsini daim ehtiramla yad edir.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev 31 Mart soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edərək bildirdi ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılmışdır. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi. Müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu dahi şəxsiyyətimiz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə erməni təcavüzkarlarının törətdiyi bu vəhşiliyə hüquqi-siyasi qiymət verildi və 31 Mart Soyqırımı dövlət səviyyəsində qeyd edilməyə başladı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2009-ci il tarixli müvafiq Sərəncamına əsasən Qubada soyqırımı qurbanlarının xatirəsinə Memorial Kompleks ucaldıldı. 2018-ci ildə isə 31 Mart Soyqırımının 100 illiyi haqqında cənab Prezidentin tərəfindən Sərəncam imzalanmışdır.Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində şanlı Zəfərlə erməni təcavüzkarlarını məhv edərək bütün şəhidlərimizin qisasını aldıq və bütün dünyaya sübut etdik ki, biz müzəffər xalqın nümayəndələriyik.

Sonra tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının əməkdaşı Maqsud Süleymanlı, Yevlax şəhər 4N-li tam orta məktəbin tarix müəllimi Rəşadə Teymurova, Yevlax şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Sədayə Hüseynzadə, YAP Yevlax rayon təşkilatının fəalı Fariz İmamverdiyev, GİKM-ın Yevlax nümayəndəliyinin əməkdaşı Gülnar Cavadova, YAP Yevlax rayon təşkilatının fəalı Elgiz Hüseynov vurğulayıblar ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də digər şəhər və rayonlarda Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım törətmiş, on minlərlə azərbaycanlı qətlə yetirilmiş,itkin düşmüş, bir çox qədim binalar, tarixi abidələr, o cümlədən ziyarətgahlar, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası top atəşinə tutulmuş, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədələr almış və daşnak silahlı dəstələrinin karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitləri elə oradaca yandırılmışdır. Qeyd edilib ki, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Mart soyqırımı aktına hüquqi qiymət verilib. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz 44 günlük Vətən Müharibəsində düşməni ağır məğlubiyyətə uğratdı,düşmən diz çökdürüldü, kapitulyasiya müqaviləsi imzalamağa məcbur edildi. Qazanılmış Möhtəşəm Zəfər nəticəsində Ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş hər bir həmvətənlərimizin intiqamı alındı.

 


Paylaş