İctimai Şura: Heç kəs imtiyazlardan sui-istifadə etməməlidir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş müharibə veteranı Namiq Babayev xidməti vəzifəsini yerinə yetirərkən qəbula gəlmiş vətəndaş Rəvan Nəbizadə tərəfindən fiziki və mənəvi hücuma məruz qalmışdır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın Bəyanatında bildirilib.
"Belə ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı, sağlamlığı ilə bağlı probleminin müşahidə edilmədiyi və əlillik dərəcəsi almaq üçün Komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib.
Dövlət qurumunun fəaliyyətinə mane olmağa çalıṣan, Komissiya əməkdaşlarına qarşı kobud hərəkətlər edən Rəvan Nəbizadə, eyni zamanda, vətəndaşlar üçün nəzərdə tutulan yerdə deyil, əməkdaşa məxsus oturacaqda əyləşmiş, 44 günlük Vətən müharibəsində yaralandığı üçün II dərəcə əlilliyi müəyyən olunmuş baş təlimatçı, Qarabağ qazisi Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq müvafiq izahat verdiyi zaman isə ona qəfil hücum çəkmiş, Dövlət qurumunun əməkdaşına yumruq zərbələri vuraraq, ona ağır bədən xəsarəti yetirmişdir.
Nəticədə Komissiyanın əməkdaşı, müharibə veteranı Namiq Babayevin çənə sümüyü 2 yerdən sınmış, dişləri qırılmış və o tibb müəssisəsinə müalicəyə, aĝır əməliyyata göndərilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura olaraq bildiririk ki, son illər ərzində ölkədə sosial müdafiə sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, bu istiqamətdə, o cümlədən, əlillik təyinatı ilə bağlı əldə olunan şəffaflıq göstəriciləri təqdirəlayiqdir!
Ətraflı
Bununla yanaşı, xüsusilə vurğulayırıq ki, müharibə iştirakçılarının sosial müdafiəsi məsələləri Dövlət Başçısının və bu sahəyə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin danılmaz prioritetlərindəndir!
Hesab edirik ki, bir sıra vətəndaşların Dövlət qurumlarının fəaliyyətinə kölgə salmaq, həmin qurumların əməkdaşlarına fiziki və mənəvi təzyiqlər göstərmək, ölkə əhalisi üçün həssas olan əlillik təyinatı kimi məsələlər ətrafında öz dar maraqları naminə manipulyasiya etmək cəhdləri yolverilməzdir!
Yuxarıda qeyd edilən xoṣagəlməz hadisənin hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırılacağına ümid edirik! Hesab edirik ki, heç kəs imtiyazlardan sui-istifadə etməməlidir. Müharibədə iştirak etmiş bütün veteranlara sayğımızı bildirməklə yanaşı qanunları pozan, ictimai asayişə xələl gətirən, vəzifələrini icra edən dövlət qulluqçusuna xəsarət yetirən şəxs qanun qarşısında cavab verməlidir.
Eyni zamanda, ölkə ictimaiyyətini xalqımız və dövlətimiz üçün olduqca vacib olan bu tip məsələlərə münasibətdə həssas olmağa çağırırıq!", - deyə bəyanatda qeyd olunub.