DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində İctimai Şura ilə görüş olub - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Nazirlik yanında İctimai şura heyəti ilə görüş təşkil olunub.
Görüşdə şuranın sədri Elşad Məmmədov, sədr müavini Bəhruz Məmmədzadə, katibi Ramilə Mahmudova, üzvləri İradə Rzazadə və Aslan Əzimzadə iştirak ediblər.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova qurumun 2 illik fəaliyyəti müddətində əldə olunan nailiyyətlərdən danışıb.
Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə həssas əhali kateqoriyalarına aid şəxslərin yaradıcılıq potensialının inkişafı və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində ardıcıl işlər aparılır.
Bu müddət ərzində 14 xidmət istiqaməti üzrə təlimlər və sosial-psixoloji dəstək tədbirləri ilə yanaşı, həssas qruplardan olan şəxslərin cəmiyyətdə daha aktiv çıxış etmələri üçün uğurlu əməkdaşlıq layihələri də həyata keçirilib.
Mərkəzin benefisiarları AzeRobot Education Robototexnika tədris mərkəzində təlimlərə qoşularaq, elmi və texniki biliklərə yiyələnirlər. Görüşdə həmin istiqamətdə fəaliyyətin genişləndirilməsi məqsədi ilə yaxın vaxtlarda reallaşdırılması nəzərdə tutulan layihələrdən bəhs olunub.
Sonra İctimai şura sədri və üzvlərinin QHT-lərlə əlaqələrin daha da genişləndirilməsinə dair təklifləri dinlənilib. Əməkdaşlıq məsələləri ilə bağlı digər mövzularda müzakirələr aparılıb.
Görüş çərçivəsində şura sədri və üzvləri Mərkəzin fəaliyyəti, peşə-yaradıcılıq studiyalarında təlim prosesi ilə tanış olublar.