Sahib Məmmədov: “Dövlətlə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayırıq”
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov QHT.az-a verdiyi açıqlamada İctimai Şurada təmsil olunmasının əhəmiyyətindən danışıb.
O bildirib ki, rəhbərlik etdiyi təşkilat hal-hazırda yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış İctimai Şuranın üzvüdür:
“Biz bu sahədə illərdir fəaliyyət göstəririk. Əmək və sosial müdafiə sahəsində Nazirliyin fəaliyyəti təşkilatımızın profili ilə ən uyğun gələn sahədir. Həmçinin, bu qurumla əməkdaşlıq mexanizmlərinin effektiv olduğunu düşünürəm. Nazirlik daxilində qurum rəhbərləri ilə intensiv görüşlər keçirilir, təkliflərimiz dinlənilir, dəyərləndirilir və əsaslandırılmış cavablar təqdim olunur. Bu, formal yanaşmadan uzaq, real ictimai iştirakçılıq nümunəsidir.”
Sahib Məmmədov əlavə edib ki, İctimai Şura yalnız üzv təşkilatlarla deyil, həm də geniş vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq edir:
“Biz bu qurum vasitəsilə digər QHT-lərin də səsini nazirliyə çatdırmağa çalışırıq. Bəzən tədbirlərə təmsil olunmayan qurumlar da dəvət olunur, onların fikirləri, təklifləri biz vasitəsilə operativ şəkildə cavablandırılır. Biz bu prosesdə bir körpü funksiyasını yerinə yetiririk və bunun uğurlu nəticələr verdiyini düşünürəm.”
Sonda Sahib Məmmədov ona göstərilən etimada görə təşəkkürünü bildirib və İctimai Şurada yeni dövr üçün də bu fəaliyyətləri davam etdirəcəyini qeyd edib.
Pərvanə Fərhadqızı