Nazir Sahil Babayev Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüşüb - FOTOLAR
Sosial islahatlar və sosial dəstək tədbirləri, gələcək əməkdaşlıqla bağlı müzakirələr aparılıb, şura üzvlərinin təklifləri dinlənilib.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə ardıcıl islahatlar aparılır. İslahatlar prosesində ictimai iştirakçılığın təmin edilməsinə, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verilir.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında İctimai şuranın üzvləri ilə növbəti görüşündə vurğulayıb. O, ötən ilin mart ayında vətəndaş cəmiyyəti institutları nümayəndələrinin səsverməsi ilə şuranın hazırki 9 nəfərlik tərkibinin seçildiyini bildirib. İctimai şura ilə birgə işlərin Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın, ictimai nəzarətin təmin olunmasında əhəmiyyəti, şura üzvlərinin bu işlərdə aktiv iştirakı qeyd edilib.
Bildirilib ki, Nazirlikdə və bütün qurumlarında İctimai şura üzvləri ilə mütəmadi görüşlər, ictimai dinləmələr keçirilir. Bu tədbirlərdə aparılan sosial islahatlar, yeni layihələr, habelə qanunvericilik layihələri ilə bağlı təqdimatlar edilir. Şura üzvləri ilə birgə müzakirələr aparılır, onların rəy və təklifləri öyrənilir.
Həmçinin sosial müdafiə tədbirlərində İctimai şura üzvlərinin iştirakının təmin edildiyi, həssas qruplara sosial xidmətlərin göstərilməsində ixtisaslaşmış QHT-lərlə fəal əməkdaşlığın qurulduğu diqqətə çatdırılıb.
İctimai şuranın sədri, professor Elşad Məmmədov Nazirliyin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi diqqət yetirməsindən məmnunluğunu bildirib. O, Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın effektiv təşkili üçün şuranın səylə çalışdığını, şuranın fəaliyyət planı üzrə işlərin ardıcıl şəkildə yerinə yetirildiyini qeyd edib.
Görüşdə həyata keçirilən sosial islahatlar, sosial dəstək tədbirləri və gələcək əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb, İctimai şuranın üzvlərinin təklifləri dinlənilib.