Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura

Dövlət Məşğulluq Agentliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib - FOTO

Məşğulluq sahəsində əməkdaşlıq məsələləri və vətəndaş cəmiyyəti institutları ilə 
ictimai debatların təşkilinə dair müzakirələr aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli şura üzvlərinə Agentliyin fəaliyyəti, icra olunan aktiv məşğulluq proqramları, həyata keçirilən islahatlar barədə məlumat verib. 

Bildirilib ki, işsiz və işaxtaran şəxslərin məşğulluğu üçün yeni imkanların yaradılması məqsədilə Agentlik tərəfindən özəl sektor, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları və digər qurumlarla əməkdaşlıq edilir. 

 

Agentliyin əsas fəaliyyət istiqamətlərindən birinin əmək bazarının araşdırılması olduğu qeyd olunub, bu sahədə, həmçinin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və şəbəkəsinin genişləndirilməsi  istiqamətində aparılan işlər diqqətə çatdırılıb. 

Hazırda məzunların reytinqi və peşələr atlası kimi layihələr üzərində çalışıldığı, bu layihələrin məzunlar və işəgötürənlər üçün perspektivli olacağı vurğulanıb.

 

Görüşdə həmçinin Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri üzvləri, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin məşğulluq məsələlərinin həlli istiqamətində görülən işlərdən bəhs olunub.

 

İctimai şuranın sədri Elşad Məmmədovun və şuranın digər üzvlərinin rəy və təklifləri dinlənilib. Görüşdə məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri və vətəndaş cəmiyyəti institutları ilə birgə ictimai debatların təşkilinə dair müzakirələr aparılıb.
 


Paylaş