Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şura

Şuşadakı nəğmələrə yağışlar da ritm tutur

Şuşa mənim uşaqlıq yaddaşımda bir neçə saniyəlik ağlı-qaralı film kadrı kimi
qalmışdı. Amma Şuşanın gözəlliyini həmişə böyüklərdən eşidirdim, duyurdum və təsəvvür etməyə çalışırdım. Neçə-neçə şeirlərimdə xalqımızın bir gün müqəddəs Şuşaya səfər edəcəyinə inamımı vurğulamışam. Çox şükrlər olsun ki, bu amala, arzuya xalq olaraq yetə bildik. Ali Baş Komandanımızın Dəmir yumruğu, Xilaskar Ordumuzun haqq savaşındakı qəhrəmanlığı və xalqımızın həmrəyliyi, arxa cəbhədəki misilsiz əməyi sayəsində 30 il ərzində düşmən tapdağı altında inildəyən torpaqlarımızı işğaldan azad etdik. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən, qürurumuzu özümüzə qaytaran şəhidlərimizin ruhu qarşısında minnətdarlıq hissi ilə baş əyir, döyüşçülərimizə, qazilərimizə cansağlığı arzulayıram.

Çox şükrlər olsun ki, Şuşanı ziyarət etmək mənə də qismət oldu. Uzun illər rayonumuzun mərkəzi xəstəxanasında baş həkim işləmiş, “Azərbaycan Bayrağı” ordenli, “Əməkdar həkim” fəxri adına layiq görülmüş Məmməd Nağıyevlə birlikdə may ayının 12-də V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirak etdim. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunan festivalda iştirak etməyimiz bizi hədsiz dərəcədə sevindirdi.

Şuşaya gedən avtobus karvanı may ayının 12-si səhər saatlarında Bakıdan Heydər Əliyev Mərkəzinin qarşısından yol aldı. Məmməd həkimlə avtobuslarımız ayrı olsa da, (mən “üçüncü avtobus”da, səfər yoldaşım “dördüncü avtobus”da əyləşmişdi) yolumuz bir idi. Bizim arzularımız da bir idi. Füzuli ərazisindən keçərkən düşmənin torpaqlarımızda qalan mənfur izlərinə, barbarlıqlarına avtobusların pəncərələrindən baxdıq. Mənfür düşmənlər bütün kəndləri, hətta qəbirləri də dağıdıb yerlə-yeksan ediblər. Bir dənə də olsun dağılmamış tikili yoxdur, yaşayış üçün bir dənə də olsun daş üstünə daş qoymayıblar. Yol boyu sürətlə və keyfiyyətlə aparılan quruculuq işlərinə də şahid olduq. Məlumdur ki, tez bir zamanda Qarabağ yenidən qurulacaq, abadlaşacaq və Böyük qayıdış başlayacaqdır.

Bir ürəyə gedən şah damarı kimi Şuşaya gedən Zəfər yolunda qəlbimiz sevinclə, həyəcanla döyünürdü. Zəfər yollarını qalxdıqca həyəcanımz daha da artır, adında bir sehr olan Azad Şuşanı görəcəyimiz üçün sanki qanadlanıb uçurduq. Şuşa qayalarını seyr etdikcə igid əsgərlərimizin hünəri insanı heyran edirdi. Belə əzəmətli qayaları aşaraq Şuşanı azad edən qəhrəman oğulları olan xalq, dünyanın ən xoşbəxt, ən döyüşkən xalqıdır. İndiki və gələcək nəsillər daim bu Şanlı qələbəni xalqımıza yaşatdıran, tarix yazan igidlərimizlə, şəhidlərimizlə fəxr edəcəklər.

Vaxtın necə getməyinin fərqinə varmadan, sanki bir göz qırpımında əziz Şuşamıza çatdıq. Festivala baxmaq üçün Cıdır düzünə gəldik. Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak etdilər. Şuşanı görməklə bərabər, Cənab Prezidentimizlə bir tədbirdə iştirak etməyim mənə böyük ilham verdi. Zəfər qalasında qürurlu, fərəhli anlar yaşadıq. Şuşada olmağımız, belə möhtəşəm festivalda iştirakımız xoşbəxtlikdir, heç bir zaman yaddaşımızdan çıxmayacaq ən gözəl, ən dəyərli xatirələrdən biridir.

Cıdır düzü festivala hazır idi; musiqiçilər, rəqqaslar, qonaqlar, iştirakçılar...Festivalın əsrarəngiz olması üçün bu məqamda təbiət də öz qollarını çırmaladı - yağış buludları öz çətirini Şuşanın üstündən götürdü. Şənliyə insan izdihamı sel kimi axdıqca dərələrdən dumanlar şığıyaraq yüksəkliklərə qalxır, sanki coşqun dalğalar kimi qayaların üstündən aşmaq istəyirdi. Amma dumanlar göylərə qalxaraq buludları ağırlaşdırdı. Buludları ağırlaşdıran duman sadəcə şeh damcılarından ibarət deyildi...

Şuşanın başına indi qara dumanlar axışmayıb. Bir vaxt dağlarının başı qara dumanlar olan Şuşa, indi azad səmasında üçrəngli bayrağımızın ahəngi ilə dolaşan şəhid ruhlarının cənnət guşəsidir. Şuşanı, Şuşa dağlarını həm də milli ruhumuz bürüyüb. Cıdır düzü Zəfər şənliklərinin, musiqi, folklor festivallarının keçirildiyi gözəl məkan kimi öz şöhrətini yenidən qaytarıb. Düşmən tapdağında ümidlə, intizarla açmış boynubükük xarıbülbüllər artıq sevinclə, həvəslə torpağın altından baş qaldırırlar. Şuşa qayaları övladlarına qovuşan, onlarla qürur hissi keçirən məğrur Ana sinəsi kimi görkəm alıb. Gövhər Ağa Məscidi xalqımızın müqəddəs ziyarət yerlərindən biridir. Kirs dağı başını məğrur tutaraq xoş günlərimizi seyr edir. Şuşa qalası Vətən müharibəsində döyüşlərdə əsgərlərimizə səngər oldu, Pənahəli xanın ruhu ilə oyanıb mənəvi gücə çevrildi, bir neçə əsr əvvəlki müdafiə missiyasını canlandıraraq əsgərlərimizi düşməndən qorudu. Bu gün Şuşa qalasının hər daşı xalqımızın döyüşkənlik ruhundan ilhamlanaraq bir-birinə bərkiyib, sarsılmaz olubdur. İsa bulağı qəzəbindən, kədərindən, həsrətindən daha qanlı göz yaşı axıtmır. Sevinclə, fərəhlə zümzümə edir. Onun da Şanlı Zəfərimizə qoşduğu nəğmələr var.

Festival başlayan kimi buludlar da öz nurunu Şuşaya bəxş etdi. Yağış damlaları Cıdır düzündən musiqi sədaları ilə birlikdə ətrafa yayıldı, festivalda səslənən musiqi notları ilə birlikdə öz səsini, ritmini duyurmaq üçün sanki yarışa keçdi. Yağışlar da İsa bulağının zümzüməsinə, bülbüllərin səsinə, burada oxunan nəğmələrə ritm tutmağa çalışır. Bunu gözəl bacarır da. Ümumiyyətlə, Şuşada hər canlı, hər varlıq dilə gəlib danışmaq, oxumaq, öz məharətini, sehrini göstərmək istəyir.

Yazıda qeyd etdiyim ki, Şuşaya səfər zamanı Məmməd həkimlə arzularımız da bir idi. Ayrı-ayrı avtobuslarda ürəyimizdə tutduğumuz arzuları Cıdır düzündə bir ağızdan dilə gətirdik: - Belə gözəl ziyarət, belə xoş ovqatlı günlər Xocalımızda da olacaq. Amin!

Şuşadan qayıdarkən 6 yaşında didərgin düşdüyüm doğma kəndimizə, qəhrəmanlar yurdu Kosalar tərəflərə də baxa bildim. Ya Əli dağını seyr etdim. Şuşa sevinci ilə bərabər, Xocalı intizarını, Kosalar həsrətini eyni anda yaşadım. Amma bilirəm ki, Şuşanın üstünü alan, bizi isladan buludların bir qanadı Kosaların da üstündə idi və həmin buludun leysanı Kosalara da yağdı. Şuşada alovlanan bayram tonqalının işığı onunla qənşər olan Kosalara ümid işığı oldu kimi, Şuşaya yağan nur yağışdan Kosalar kəndinə də çiləndi.

Şuşada olarkən “Tarixə yazıldı Vətən Savaşı” şeirimi də səsləndirdim. Yeni şeirlər yazmaq üçün könül gözüm zövqlə Şuşanı seyr etdi, qəlbim riqqətə gəldi, ilhamım qanadlandı. Qürurla, fərəhlə, daha gözəl günlərə inamla Şuşa ziyarətimizi yekunlaşdırdıq. Amma gözümüz, qəlbimiz bizi ovsunlayan, heyran edib özünə bağlayan Şuşada qaldı. Ən tez müddətdə yenidən görüşənədək, Əziz Şuşa!

Qalib Bəyməmmədoğlu,

Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri

Fotolar

Paylaş