İctimai Şuranın sədr müavini istefa verdi
İclasda Şuranın üzvü və sədr müavini Rəşad Quliyev könüllü olaraq üzvlükdən istefa verdiyinə görə onun istefası da səsə qoyularaq qəbul edilib. Bu vəzifədə onu tam səs çoxluğu ilə Eyyub Hüseynov əvəz edib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yanında İctimai Şuranın sədr müavini seçilib.
"Azəriqaz"a istinadən verdiyi məlumata görə, bu gün İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda Şuranın üzvü və sədr müavini Rəşad Quliyev könüllü olaraq üzvlükdən istefa verdiyinə görə onun istefası da səsə qoyularaq qəbul edilib. Bu vəzifədə onu tam səs çoxluğu ilə Eyyub Hüseynov əvəz edib.
İctimai Şuranın sədri Xəyal Bəşirov Şura qarşısında duran bir sıra mühüm məsələləri səsləndirib, eyni zamanda gündəliyə daxil edilən mövzularla bağlı müzakirələr aparılıb. Gərgin müzakirələr fonunda keçirilən iclasda mövcud olan cari problemlərlə bağlı məsələlər üzvlər arasında səsə qoyularaq səs çoxluğu ilə qəbul edilib.
İclas zamanı İctimai Şura üzvləri tərəfindən tam səs çoxluğu ilə Şura adından cəmiyyətə açıq olduğuna, müvafiq sahə ilə bağlı mövcud problemlərin həlli məqsədilə ölkə mətbuatına, vətəndaş cəmiyyəti üzvlərinə və Birlik yanında İctimai Şura ilə sıx əməkdaşlığına görə "Azəriqaz"ın baş direktoru Ruslan Əliyevə təşəkkürün elan edilməsi barədə qərar qəbul edilib.
Xatırladaq ki, "Azəriqaz" İB yanında İctimai Şura Birliyin Baş direktorunun təşəbbüsü ilə yaradılıb. Yeganə məqsəd görülən işlərə ictimai nəzarətin və şəffaflığın təmin olunmasıdır.