İctimai Şura müəyyən etdikləri bir sıra problemləri “Azəriqaz”ın rəhbərliyinə çatdırdı
21 sentyabr tarixində “Azəriqaz” İstehsalat Birliyi yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şuranın növbəti, sayca 3-cü genişləndirilmiş iclası keçirilib. İclasda Şura sədri Xəyal Bəşirov, sədr müavini Rəşad Quliyev və üzvlər - Eyyub Hüseynov, Vüqar Rəhimzadə, Qorxmaz İbrahimli, Şaban Nəsirov, Mais Əliyev, Elçin Salmanov və Zaur Quliyev iştirak ediblər. Şura üzvləri ilə bərabər iclasa "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev, Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov, Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kəlbalayev və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev də qatılıb. Şura üzvləri tərəfindən bir sıra mühüm məsələlər iclasın gündəliyinə salınaraq müzakirəyə çıxarılıb.
İlk olaraq Xəyal Bəşirov Şuranın üzvü Vüqar Rəhimzadəni hakim Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının sədri təyin olunması münasibəti ilə təbrik edib və iclas iştirakçıları ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. İclasın davamında Şura üzvləri fəaliyyətləri zamanı müəyyən etdikləri bir sıra problemləri Birliyin rəhbərliyinin diqqətinə çatdırıblar. Həmin məsələlərin həlli istiqamətində atılacaq addımlarla bağlı razılığa gəlinib.
Daha sonra Birliyin baş direktoru Ruslan Əliyev iclasın davam etdirilməsində uğurlar arzulayıb və iclas Şura üzvlərinin iştirakı ilə davam etdirilib. İclasda gündəliyə daxil edilən məsələlər müzakirə edilərək səsə qoyulub, müvafiq qərarlar qəbul edilib.