Xidmət rəisi İctimai Şuranın üzvləri ilə görüş keçirdi - FOTOLAR
Avqustun 29-da ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov Penitensiar xidmətin Baş idarəsində Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri - Səadət Bənənyarlı, Əliməmməd Nuriyev, Çingiz Qənizadə, Əhməd Abbasbəylini qəbul edib.
QHT.az xəbər verir ki, qonaqları salamlayan Nazir müavini bildirmişdir ki, bu gün möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hakimiyyət orqanlarında dərin islahatların həyata keçirilməsi, iqtisadi tərəqqi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və ədliyyə sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi xalqımızın mənafeyinə, onun inamlı sabahına və işıqlı gələcəyinə xidmət edir. Dövlət başçısı penitensiar sistemin maddi-texniki bazasının gücləndirilməsini, mövcud infrastrukturun daha da təkmilləşdirilməsini, həbs edilmiş şəxslərin və məhkumların hüquq və azadlıqlarının etibarlı qorunmasını, onların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılmasını daim diqqətdə saxlayır, bu sahədə zəruri tədbirlər həyata keçirilir.
Ədliyyə sistemində ictimai nəzarətin və şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İctimai Komitənin cəzaçəkmə müəssisələrinə mütəmadi başçəkmələr həyata keçirdiyi, aparılan monitorinqlər zamanı Penitensiar xidmətin fəaliyəti ilə bağlı müvafiq tövsiyələri əks etdirən hesabatlar təqdim etdiyi və nöqsanların aradan qaldırılması ilə bağlı indiyədək bir sıra zəruri işlərin görüldüyü qeyd edildi.
Nazir müavini Ədliyyə Naziri cənab Fikrət Məmmədovun tapşırığına əsasən cəzaçəkmə müəssisələrində şəffaflığın artırılması, korrupsiya və digər neqativ halların aradan qaldırılması, məhkumların islah olunması və işə cəlb edilməsi məqsədilə yeni istehsalat sahələrinin yaradılması istiqamətində tətbiq edilən yeniliklər barədə qonaqlara məlumat verib.
Görüşdə Penitensiar xidmətin maddi-texniki təminatı, kadr potensialı, məhkumların saxlanma şəraiti, hüquq və azadlıqlarının təminatı,eləcə də qanunvericilik bazasının təkmilləşdirilməsinə dair bır sıra məsələlər ətrafında müzakirələr aparılıb. Nazir müavini səffaflığın daha geniş təmin olunması məqsədilə Penitensiar xidmətə işə qəbul komissiyasının tərkibinə İctimai Şuranın üzvlərinin daxil edilməsini diqqətə çatdırdı.
Penitensiar xidmətin fəaliyyətində innovasiya və yeni texnologiyaların tətbiqi ilə bağlı ardıcıl islahatların həyata keçirildiyini və yaxın gələcəkdə xidmətin Çağrı mərkəzinin yaradılması istiqamətində işlərin sürətləndirildiyi nəzərə çatdırılıb.
Görüş zamanı İctimai Şuranın üzvlərinin məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və daha yüngül cəza növü ilə əvəz etmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın işində yaxından iştirak etdikləri vurğulanıb. Məhkumların islah prosesində institutun xüsusi rol oynadığına toxunan nazir müavini şəffaflığın artırılması, daxil olan müraciətlərin məhkəmələrə yönəldilməsi prosesinin sadələşdirilməsi istiqamətində işlərin daha da təkmilləşdiriləcəyini qeyd edib.
Çıxış edən Şura üzvləri əhalinin maarifləndirilməsi məqsədilə qanunvericilikdə ediləcək dəyişikliklərlə bağlı ictimai rəy hazırlamaq, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə və cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması institutunun fəaliyyətinin təkmilləşdirilməsi, penitensiar müəssisələrdə təhsil sisteminin yenidən qurulması, ictimai iştirakçılığı miqyasının artırılması, işçi heyətinin məhkum olunmuş şəxslərin sayına mütənasibliyi, habelə əməkdaşların sosial müdafiəsinə diqqətin artırılması və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı verilmiş təkliflər ətrafında geniş müzakirələr aparılmışdır.Bütün fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyini bildirən qonaqlar sonda səmimi qəbula görə Penitensiar xidmət rəhbərliyinə təşəkkür edərək, gələcək fəaliyyətində kollektivə uğurlar arzulayıblar.