Ədliyyə Naziri yanında İctimai Komitə

İctimai Şura üzvü: İstədiyimiz vaxt cəzaçəkmə müəssisəsinə daxil ola bilirik

 


İctimai şuraların fəaliyyəti ilə bağlı məlumatlandırma layihəmizin bu dəfəki qonağı Ədliyyə Nazirliyi yanında ictimai şuranın fəal üzvü Əhməd Abbasbəylidir.
Əhməd Abbasbəyli “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin sədri və Ədliyyə Nazirliyi yanında ictimai şuranın üzvüdür.

 


- Əhməd müəllim, sizin şurada təmsil olunduğunuz sahə spesifik və ağır sektor hesab olunur. İşinizin öhdəsindən gələ bilirsinizmi?
- İctimai şuramızın fəaliyyəti adına onu deyə bilərəm ki, biz real və səmərəli  iş görürük. Əvvəlcə xatırladım ki, son seçkilərə qədər mən və bir neçə həmkarım Ədliyyə Nazirliyi yanında çoxdandır formalaşmış ictimai komitədə təmsil olunurduq. Başqa sözlə, yanında olduğumuz dövlət strukturu ilə əməkdaşlığımız formalaşıb, təcrübəmiz var və nazirliyin rəhbərliyi də bizim fəaliyyətimizi hər zaman dəstəkləyib. İndiyədək müxtəlif formada, qalmaqallı, şikayət yönümlü məsələlərdə, məhkəmələrdən tutmuş cəzaçəkmə müəssisələrinə qədər olan proseslərdə iştirak etmişik, yaxud hansısa təşəbbüsümüzə, qaldırdığımız məsələyə reaksiya verilib. Pandemiya vaxtı da ayrıca bir komissiya yaradılmışdı, orada bizim o vaxtkı ictimai komitənin üç nəfər üzvü də təmsil olunurdu. Məhdudiyyətlərin tətbiq olunduğu vaxtlarda cəzaçəkmə müəssisələrindəki vəziyyətə baxış keçirmişik, tibbi, texniki, ərzaqla təminat kimi məsələlərə nəzarət etmək fürsətimiz olub. Bu gün də eyni templə iş planımız  davam edir.

 

Əvvəllər biz şura üzvlərinin təkcə cəzaçəkmə müəssisələrinə baş çəkmək fürsətimiz, monitorinq imkanımız vardısa, son 4-5 ildə nazirliyin digər strukturlarına, məhkəmə qərarının icrası, notariat, probasiya ilə bağlı məsələlərə də şahidlik edib qiymətləndirmə apara bilirik. 
 


- Təcrübəli şəxs kimi deyərdiniz, bu sektorda problemlər və əngəllər daha çox nə ilə bağlıdır?
- Bizə saysız müraciətlər olur, həm paytaxt, həm də bölgələrdən çoxlu məhkum yaxınlarının istək, şikayətlərini alırıq. Bacardığımız qədər həlli üçün müvafiq strukturlara yönəltməyə və məsələnin həllinə çalışırıq. Hətta məhkum ailələrinin sosial məsələsinə əl atırıq, hüquqi yardımla bağlı dəstəyimizi göstəririk. Şikayətçilərlə həm əyani, həm də uzaqdan, telefon, onlayn görüşlərimiz olur.
 


- İctimai şura üzvünün yükü çoxdurmu? 
- Təəssüf ki, bəzi ictimai şura üzvlüyünə can atanların məqsədi iş görmək deyil. Hətta çoxu toy generalları kimi tədbirlərdə şəkil çəkdirməyə gedirlər. 
Özüm bir çox ictimai şuraya üzv seçilsəm də, mən imtina etmişəm. Sadəcə hazırkı şurada təmsilçiliyə üstünlük vermişəm. Düşünmüşəm ki, bir neçə ictimai şurada təmsil olunmağın əhəmiyyəti yoxdur, onsuzda iş görmək istəyən insan hər yerdə xidmətini göstərə bilər. Bizdə belə nümunəvi QHT nümayəndələri də var ki, heç bir şuraya can atmırlar, amma səmərəli fəaliyyətləri ortadadır. 
Bir neçə şurada təmsil olunmağın əleyhinə deyiləm, amma işin keyfiyyətinin artırılması üçün töhfən olmayacaqsa, buna gərək yoxdur. Hər kəs özünün potensialını bilərək şuraya getməlidir. Yaxud, təmsil olunduğun həmin ictimai şura üçün şəraitin yaradılması da vacibdir, orada işləmək üçün imkanlar verilmirsə, mənasız təmsilçilikdir. Sizə bir nümunə demək istəyirəm.
Vaxtiylə, Azərbaycan Dillər Universitetində ictimai şura yaradılmışdı. Tələbə müraciətləri, korrupsiya ilə bağlı şikayətlərə belə baxılırdı. Şəffaf fəaliyyət vardı və biz orada xeyli müsbət dəyişikliyə nail olduq. Təəssüf ki, orada bu ənənə davam etdirilmədi. Şuranın effektiv fəaliyyəti davamlılıqla bağlıdır, yaxşı strategiyanın qorunmasıdır.

 

- Yeri gəlmişkən, sizcə iki il ərzində istənilən işi qurmaq, nələrəsə nail olmaq kifayət edirmi?
- Əlbəttə ki, 2 illik fəaliyyəti az hesab edirəm. Ən azı 3 ilə tam işi qurmaq, üzvlər arasında əməkdaşlıq, işin bölünməsi, vəziyyətlə tanışlıq və real nəticənin əldə olunması kimi məqamları sığdırmaq olar.  Misal üçün, Ədliyyə Nazirliyində probasiya institutu yeni yaradılıb. Biz bu sahə üzrə monitorinqimizi keçiririk. Amma bizə zaman lazımdır ki, bu işi sona çatdıraq. Həmin o iki il bizə yetmir.

 

- İctimai şuralara keçirilən seçkilər necə, sizi qane edirmi?
- Seçki məsələsində də fərqli yanaşmam var. Bizim QHT sektorunda acı təcrübəmiz var. Bəzən bu sahədə qruplaşmalar, ayrı-seçkiliyin yaradılması hallarının şahidi olmuşuq. Layihə ilə bağlı müsabiqələrdə tanışlıq meyarının hələ də mövcudluğu, çox halda işi bilməyən adamlara layihənin təqdim olunması təəssüf doğurur. Seçkilərdə də biz bunu gördük. Vətəndaş cəmiyyəti institutları olaraq demokratiyanı təbliğ, təşviq edirik, amma özümüz çox vaxt dediyimizə əməl etmirik. Seçkilərdə şəffaflıqdan danışırıq, amma ictimai şuranın seçkilərində tam buna nail ola bilmədik.

 

- Bu ictimai şuralar barədə biliyin az olması ilə bağlıdırmı?
- Bəli, ictimai şuranın fəlsəfəsini, vəzifəsini bilməyənlər var hələ də. Əksəriyyəti QHT adı ilə dövlət orqanına yaxın olmaq istəyir, yaxud əksinə, icra orqanı ictimai şurada öz adamlarını görməyi arzulayır. Çox vaxt problem heç dövlət qurumu ilə də bağlı olmur. Bu oyunlarda təmənnası olanlar daha çoxdur. Bir qrup şura üzvləri var ki, onlar normalda da etiraz edən, dəstək verən, hansısa ictimai şurada iştirak etməsə belə, xeyir verməyə cəhd göstərir. Eləsi də var ki, ictimai şurada formal olaraq iştirak edir, müqavimət göstərmək, təklif vermək istəyi olmur, hətta şikayətləri malalayan, ort-basdır etmək istəyi olanlar da var.

 

Mən isə, daha çox obyektivlik tərəfdarıyam. Bəzən tək bizim yox, başqa ictimai şuralarla bağlı qərəzli məlumatlar ictimailəşdirilir. İctimai şura icra orqanının yanındadırsa, nöqsan axtraşında yox, onunla bağlı məsələlərin həllinə çalışmalıdır. Biz media turların təşkili təklifləri ilə də çıxış etmişik və nazirlik bunu edib. Məncə şəffaflığın təminatı olsa, cəmiyyəti də səhv məlumatla çaşdırmaq olmayacaq.
Təqribən 20-yə yaxın ictimai şura var, onların da ortalama 15 nəfər üzvü var. Təsəvvür edin, bu şuraların yarısı obyektiv və aktiv işləsə, nə qədər irəli getmiş olaraq.

 

- Nazirlik şuranızın fəaliyyəti üçün dəstək və lazımı imkanları yaradırmı?
- Biz hər il fəaliyyətimizin yekunu ilə bağlı hesabat yazırıq. Orada müraciət, şikayət, real təklif, icra edilən və ya həlli olmayan bütün məsələlər əksini tapır. Bizim nazirliklə qarşılıqlı əməkdaşlıq sayəsində nə qədər dəyişikliklər olub. Təcrübəmiz formalaşıb. Elə nazirlik var ki, orada ətrafında qalmaqallar, tənqidlər var. Nə icra orqanının, nə də yanındakı ictimai şuranın səsi çıxmır. Halbuki, ictimai şura təhlükəsizlik balışıdır, cəmiyyət və dövlət qurumu arasındakı funksiyasını tam yerinə yetirməlidir.

Baxın, hazırda 20-yə yaxın cəzaçəkmə müəssisəsi var , orada da daim məhbus sayı dəyişir. Nazirliyin vaxtından əvvəl azadolunma institutu yaranır. On il qabaq bu məsələdə cəzaçəkmə müəssisəninin rəhbəri tək qərar verirdi. Yəni, məhbusun nümunəvi davranışını nəzərə alaraq onun azad olunması tezləşdirilir  və ya cəzası yüngülləşdirilirdi. Bu zaman korrupsiya halları olurdu, narazılıqlar başlayırdı. Obyektiv münasibət, doğru seçim naminə artıq həmin məsələdə ictimai nümayəndələri də təmsil olunur, beləcə məhbusun vaxtından tez islah olunması haqında yekun rəy məhkəməyə təqdim olunur. Əvvəl bu pilot layihə idi, son 4 ildə bu gözəl təşəbbüs rəsmi əmələ keçdi, bu mütərəqqi islahat, hətta inqilab sayılır. Bizim hazırda şura üzvü vəsiqəmiz var, istədiyimiz vaxt cəzaçəkmə müəssisəsinə daxil ola bilirik. 

 

Düşünürəm ki, Ədliyyə Nazirliyi yeganə icra strukturdurudur ki, bizi tender, işə qəbul komissiyası prosesinə də qoşa bilir. Biz hətta nazirliyin kollegiya iclaslarında da təmsil olunuruq, bu bizdə əlavə məsuliyyət yaradır. Həm də bizə etimad edilməsi işə həvəsimizi artırır. Bizim monitorinqlərin nəticəsi kimi rəylər zərfdə birbaşa nazirə təqdim olunur, hətta müraciət və qeyd etdiyimiz nöqsanla bağlı komissiya da yaradılır.

 

Texniki dəstəyə gəlincə, bu qanunda da dəqiq əksini tapmayıb. Maddi dəstəyin verilməsini isə, icra strukturundan asılı vəziyyətə düşmək kimi qiymətləndirirəm. İctimai şurada müstəqillik vacibdir. Nazirlik toplantılar üçün otağın ayrılması, hansısa idarəyə ziyarətimiz olanda nəqliyyatla təminatına dəstək verir. Bizim təşəbbüs, təklif və iradlarımıza verilən operativ reaksiya əsasdır. Bəzən biz özümüz öz layihələrimizi ictimai şuraya yönəldirik ki, daha yaxşı iş getsin. 

 

- İctimai şuralarla bağlı qanunvericiliyə yeni təkliflər var. Siz nələrin dəyişməsinə üstünlük verirsiniz?
-Qanunda ciddi dəyişikliklər olmalıdır. Seçkilər prosesi, fəaliyyət müddəti ilə bağlı dəqiqlik, fəaliyyəti üçün maddi resurslarla təminatla bağlı konkret və müstəqil maliyyə mənbəyi olmalıdır. Hüquq və səlahiyyət daha detallı olmalıdır. 

İctimai şuralarla bağı vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Çoxu tənqidlə razılaşmır, amma tənqid etmədikcə, bu sahə də öz təsdiqini tapmayacaq.  Bu səbəbdən hər kəs lazımı tələbi, tənqidi və təkliflərini verməlidir.
 
Raminə Eyvazqızı


Paylaş