Elm və Təhsil Nazirliyi yanında İctimai Şura

İctimai Şura 2-ci sinif şagirdi ilə bağlı hadisəni ARAŞDIRIB

Elm və Təhsil Nazirliyi yanında İctimai Şura Bakının Ramana qəsəbəsindəki 90 nömrəli orta məktəbdə 2-ci sinif şagirdi Məmmədzadə Təranə ilə bağlı baş verən hadisəni araşdırdığını bildirib.

KONKRET.az xəbər verir ki, İctimai Şuranın sədri Günel Səfərov araşdırmanın nəticəsini açıqlayıb.

O, bununla bağlı aşağıdakıları deyib:

“Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə və psixoloqun iştirakı ilə məktəb rəhbəri ilə görüşdük.

Hadisə baş verən sinfin rəhbəri Südabə Şükürova hazırda səhhətində problem (hamilədir və iki ay sonra analıq məzuniyyətinə çıxacaq) yarandığı üçün onunla telefon əlaqəsi yarada bildik. Müəllimin qeyd etdiyi əsas məqamlar bunlardır:

“Hadisə 7 noyabr tarixində Zəfər bayramına həsr olunmuş tədbirdən sonra sinif şagirdlərinin zalda şeirlərin deyilməsi və rəqsin edilməsi zamanı baş verib. Uşağın atası onun vəziyyəti ilə bağlı məlumatlandırılıb və xəsarətin miqyasının gözlə çox görünmədiyini düşünülərək təcili tibbi yardıma müraciət edilməyib. Uşağı ziyarət etmək istəsək də, valideyn bunu qəbul etməyib””.

G.Səfərova bildirib ki, müəllim valideynlə dünən və bu gün telefon əlaqəsi yaradıb. Məlum olub ki, onun əsas şikayəti məktəb rəhbərliyinin və müəllimin etinasızlığı, uşağın zədə alması faktı ilə bağlı zamanında məlumatın verilməməsi və uşağın sonrakı vəziyyəti ilə bağlı maraqlanılmaması olub.

“Qeyd edim ki, məktəb rəhbərliyi hadisə ilə bağlı gec məlumatlandırıldığını qeyd edib.

Şura sədri olaraq qeyd etməliyəm ki, müəllimə bu hadisədə daha həssas yanaşmalı və uşağın təhlükəsizliyinin təminatını əsas hədəf götürməli idi. Eyni zamanda, uşağın xəsarət alması ilə bağlı məlumatı təxirəsalmadan rəhbərliyə, valideynə və məktəbdəki tibbi personla bildirməli idi.

Məktəb rəhbəri müəllim haqqında inzibati tədbir görərək, töhmət verib.

İstənilən hadisə zamanı əsas üstünlük uşağın rifahının və onun təhlükəsizliyinin təminatı olmalıdır. Bu məqsədlə də ümid edirəm ki, həm uşaq müəssisələri, həm də valideynlər uşaqlara təhlükəsizlik qaydalarını bir daha aşılamalıdır”.

G.Səfərova İctimai Şura olaraq məsələnin sonrakı hüquqi prosedurlarını da diqqətdə saxlayacaqlarını bildirib.

Xatırladaq ki, Ramana qəsəbəsindəki 90 nömrəli orta məktəbin ikinci sinif şagirdi Məmmədzadə Təranə gözündən ağır zədə alıb. Bununla bağlı sosial şəbəkələrdə müvafiq görüntülər yayılıb.

Məktəbdən verilən məlumata görə, Təranə noyabrın 7-də qaçarkən digər uşaqla toqquşub. Həmçinin bildirilir ki, məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.

Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.

Daxili İşlər Nazirliyindən təqdim olunan açıqlamada isə qeyd olunub ki, şagirdin göz nahiyəsinin xəsarət faktında qəsd aşkar olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında Təranə Məmədzadənin digər şagirdlə toqquşması nəticəsində baş verib.


Paylaş