Elm və Təhsil Nazirliyi yanında İctimai Şura

İctimai Şuranın təşkilatçılığı ilə  təhsilyönümlü 27 QHT təmsilçisi ilə müzakirə aparılıb - FOTOLAR

Aprelin 20-də Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələr çərçivəsində növbəti müzakirə təşkil olunub.

“Qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq imkanları” mövzusuna həsr olunan müzakirədə təhsil nazirinin müşaviri Elnur Nəsibov, İctimai Şuranın üzvləri və təhsil sahəsində fəaliyyət göstərən 27 QHT təmsilçisi iştirak edib.

Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, müzakirənin əsas məqsədi təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı ilə səmərəli əməkdaşlıq qurmaq və inkişaf etdirmək, vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərini dinləmək, onları narahat edən məsələləri müzakirə etmək və təkliflərini öyrənməkdir. 

Şura sədri onu da vurğulayıb ki, bu, üçüncü ictimai müzakirədir. Bundan əvvəl müzakirə edilən “Məktəb-valideyn tərəfdaşlığı” ilə bağlı yeni konsept hazırlanır. 

Müzakirədə çıxış edən təhsil nazirinin müşaviri Elnur Nəsibov bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirmək məqsədi ilə aparılan "Təhsilə ictimai baxış" silsilə müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirib.

Problemlərin həlli istiqamətində tədqiqata əsaslanan təkliflərin verilməsi vacibliyinə toxunan nazir müşaviri qeyd edib ki, təhsil ümumxalq işidir. Təhsildə uğurun göstəricisi məzunların əmək bazarında öz yerini tapması səviyyəsi ilə əlaqəlidir. Buna görə əmək bazarının təhlilinə xüsusi yer verilməlidir. 

Elnur Nəsibov Təhsil Nazirliyi olaraq hər zaman cəmiyyəti maraqlandıran mövzuları müzakirə etməyə hazır olduqlarını vurğulayıb.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev də öz növbəsində əmək bazarı ilə təhsil prosesinin uyğunlaşdırılmasının vacibliyinə toxunub.  

Çıxış edən QHT nümayəndələri onları narahat edən məqamları və bu istiqamətdə təkliflərini çatdırıblar. 

Müzakirələrdə buraxılış imtahanları, peşə təhsili, inklüziv təhsil, dissertasiya işlərinin səviyyəsi, diplomların tanınması, ali təhsil müəssisələrində tədqiqat mərkəzləri, beynəlxalq ədəbiyyatın əlçatanlığı, təhsil ekspertlərinin yetişdirilməsi, vətəndaşların müraciətlərinə baxılması, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Təhsil Nazirliyinin əməkdaşlığının genişləndirilməsi və digər məsələlərə diqqət çəkilib. 


Paylaş