FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib - FOTO
İyunun 7-də növbəti seçkilərdən sonra Fövqəladə Hallar Nazirliyi yanında yeni tərkibdə İctimai Şuranın ilk iclası keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda iştirak edən FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev Prezident İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına xüsusi diqqət və qayğısından söz açıb. Qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı roldan danışıblar. Rəis müavini nazirlik yanında yeni yaradılan İctimai Şuranın fövqəladə halların idarə edilməsi ilə əlaqədar müvafiq rəy və təkliflərinin nəzərə alınacağını vurğulayıb, ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edərək ona fəaliyyətində uğurlar arzulayıb.
İclasda təşkilati məsələlər müzakirə edilib, səsvermə keçirilib. İki il fəaliyyət göstərəcək İctimai Şuraya Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən Fuad Hacızadə sədr, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Vəfa Abbasova sədr müavinləri, “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə Heyətinin sədri Məhəmməd Məmmədov isə katib seçilib.
İclasda müxtəlif məsələlər də müzakirə edilib, şura üzvləri FHN-in ölkə əhalisinin təbii və texnogen hadisələrdən qorunması sahəsində gördüyü işlərdən bəhs ediblər. Həmçinin nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq rəy və təkliflərin təqdim edilməsi, şura üzvlərinin əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində FHN-in həyata keçirdiyi tədbirlərə dəstəyi və digər təkliflər səsləndirilib.