Ictimai Şura üzvü müşahidə aparıb - FOTO
Fövqəladə Hallar Nazirliyi yanında ictimai şuranın üzvləri avqustun 2-də Nabran qəsəbəsi ərazisində fəaliyyət göstərən “sularda xilasetmə məntəqəsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nabran çimərliyinə səfər edib.
Bu barədə ictimaishura.az-a şuranın üzvü Vəfa Abbasova məlumat verib.
“Çimərliyə daxil olarkən məni ilk öncə üzərində insanların suda təhlükəsizliyi üçün müxtəlif təlimatlar əks olunmuş plakatlar qarşıladı. Daha sonra xüsusi geyim forması olan xilasediciləri gördüm. Kənardan bir qədər izləyərək, ərazidə müşahidə aparmalarının və zərurət yarandığı zaman istirahətə gələn şəxslərə müvafiq xəbərdarlıqlar etmələrinin şahidi oldum. Yaxınlaşıb özümü təqdim etdim.
Məni Xilasetmə məntəqəsinin rəisi ilə görüşdürdülər. Daha sonra məntəqə rəisi məni çimərliyin əhatə etdiyi ərazi, mövsüm başlamazdan əvvəl görülən hazırlıq işləri, hazırda göstərilən fəaliyyətlə bağlı kifayət qədər məlumatlandırdı. Məlum oldu ki, çimərlik ümumilikdə sahil zolağının 1200 metr ərazisini əhatə edir. Daha sonra bildirdi ki, əməkdaşlar tərəfindən mövsümdən əvvəl hazırlıq işləri görərkən çimərlik ərazisinə düşən hissədə suyun dibi təmizlənmiş, vətəndaşların üzüb dərinə getməməsi üçün müvafiq qaydada şarlar yerləşdirilmiş, xilasetmə avadanlıqları işlək vəziyyətə gətirilmişdir. Əmin oldum ki, xilasedicilər nəzarət olunan çimərliklərdə vətəndaşların sularda təhlükəsizliyini maksimum dərəcədə təmin etməyə hazırdılar.
Lakin apardığım müşahidə zamanı nədənsə bu çimərlik ərazisində də təcili tibbi yardım briqadası görə bilmədim. Bu barədə sualımı yenə də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə ünvanladım. Cavab olaraq bildirildi ki, mövsüm başlamazdan əvvəl çimərlik üçün hazırlıq ərəfəsində hər il olduğu kimi tərəfimizdən adiyyəti qurumlara müraciət ünvanlanıb. Ümid edirik ki, cavabdeh qurumlar bu məsələni qısa müddətdə həll edər. Yaradılan şəraitə görə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəhbərliyinə təşəkkür edirik. Əhaliyə isə bir daha müraciət etmək istərdik ki, şahidi olduqlarımızdan göründüyü kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətdə olan çimərliklərdə istirahət etmək, onların təhlükəsizliyi üçün çox əhəmiyyətlidir! “