Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura

İctimai Şura üzvü monitorinq keçirib

13 iyun 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çimərlik mövsümünə hazırlıqla əlaqədar FHN yanında İctimai şuranın iclası keçirilib. İclasın keçirilməsində əsas məqsəd Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qarşıdan gələn çimərlik mövsümü ilə əlaqədar həyata keçirdiyi aidiyyəti təhlükəsizlik tədbirləri və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub. İclasda Xidmətin nümayəndələri tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə geniş məlumat verilib. 

 

Həmçinin görülən işlərlə və təhlükəsizlik tədbirləri ilə bağlı əhalini maarifləndirmək məqsədilə Xidmətlə əməkdaşlıq etmək məsələsi də müzakirə olunmuşdur. 

İyulun 17-də   Fövqəladə Hallar Nazirliyi yanında ictimai şuranın üzvü Vəfa Abbasova  Xidmətin Astara şəhəri ərazisində fəaliyyət göstərən sularda xilasetmə məntəqəsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün, Astara çimərliyində monitoqin keçirib. 


Bu barədə Vəfa Abbasova açqlamasında bildirib: “Çimərliyə daxil olarkən məni ilk öncə üzərində insanların suda təhlükəsizliyi üçün müxtəlif təlimatlar əks olunmuş plakatlar qarşıladı. Daha sonra xüsusi geyim forması olan xilasediciləri gördüm. Kənardan bir qədər izləyərək, ərazidə müşahidə aparmalarının və zərurət yarandığı zaman istirahətə gələn şəxslərə müvafiq xəbərdarlıqlar etmələrinin şahidi oldum. Yaxınlaşıb özümü təqdim etdim. Məni Xilasetmə məntəqəsinin rəisi ilə görüşdürdülər. Daha sonra məntəqə rəisi məni çimərliyin əhatə etdiyi ərazi, mövsüm başlamazdan əvvəl görülən hazırlıq işləri, hazırda göstərilən fəaliyyətlə bağlı kifayət qədər məlumatlandırdı. Məlum oldu ki, çimərlik ümumilikdə sahil zolağının 800 metr ərazisini əhatə edir. Daha sonra bildirdi ki, əməkdaşlar tərəfindən mövsümdən əvvəl hazırlıq işləri görərkən çimərlik ərazisinə düşən hissədə suyun dibi təmizlənmiş, vətəndaşların üzüb dərinə getməməsi üçün müvafiq qaydada şarlar yerləşdirilmiş, xilasetmə avadanlıqları işlək vəziyyətə gətitilmişdir. Qeyd edilən faktlarla daha sonra əyani olaraq tanış olmaq üçün məntəqə rəisi Xidmətin rəhbərliyinə məruzə edərək mənim üçün icazə aldı. Daha sonra Xilasetmə qayığı işə salınaraq mənə fərdi təhlükəsizliyim üçün xilasedici canlıq geyinməli olduğum bildirildi. Tədbirləri görərək operativ su nəqliyyat vasitəsi ilə, qeyd olunan şarların arxasında və müəyyən edilmiş zolaqda hansı formada patrul apardıqları mənə izah edildi. İctimai narahatlıq yaradan bəzi suallara daha dəqiq cavab tapmaq və əhalinin diqqətinə çatdırmaq üçün xilasedicilərin su nəqliyyat vasitəsi olmadan suda sərbəst hərəkətini görmək istədim. Həqiqətən də əmin oldum ki, xilasedicilər nəzarət olunan çimərliklərdə vətəndaşların sularda təhlükəsizliyini maksimum dərəcədə təmin etməyə hazırdılar. Lakin apardığım müşahidə zamanı nədənsə çimərlik ərazisində təcili tibbi yardım briqadası görə bilmədim. 

 

Bu barədə sualımı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə ünvanladım. Cavab olaraq bildirildi ki, mövsüm başlamazdan əvvəl çimərlik üçün hazırlıq ərəfəsində hər il olduğu kimi tərəfimizdən aidiyyəti qurumlara müraciət ünvanlanıb. Ümid edirik ki, cavabdeh qurumlar bu məsələni qısa müddətdə həll edər.  Yaradılan şəraitə görə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəhbərliyinə təşəkkür edirik. Əhaliyə isə bir daha müraciət etmək istərdik ki, şahidi olduqlarımızdan göründüyü kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətdə olan çimərliklərdə istirahət etmək, onların təhlükəsizliyi üçün çox əhəmiyyətlidir! “


 


Paylaş