Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura

Ictimai Şura sədri: Effektiv fəaliyyət üçün bir çox resurslara ehtiyac duyulur

İctimaishura.az sayı ictimaiyyəti məlumatlandırmaq üçün  İctimai Şuraların fəaliyyəti ilə bağlı silsilə müsahibələrə start verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov ilə müsahibəni təqdim edirik.

 

Təqdimat: Amin Məmmədov ixtisasca hidroloqdur. Su ehtiyyatlarının idarə edilməsi üzrə mütəxəssidir.

2019-cu ildə Ekolojiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın  sədr müavini seçilib. 2022-ci ilin fevralında isə İctimai Şuranın sədri seçilib. Amin Məmmədov həmçinin,  Su ehtiyyatlarının idarə edilməsi üzrə mütəxəssislər Birliyinin idarə heyətinin sədridir.

 

-Amin Müəllim, ictimai şuranız hazırda hansı istiqamətdə işlər aparır?

-Əslində, Nazirlik yanında İctimai Şuranın fəaliyyəti 10 ildən çoxdur ki davam edir, başqa sözlə İctimai Şura mövcud idi. Mən də həmin şurada təmsil olunurdum, bu səbəbdən bu sahədə təcrübəm yetərlidir. Bu ilin fevralında mən sədr seçildim, 15 nəfər şura üzvlərimiz təsdiqləndi. İlk işimiz nazir Muxtar Babayev ilə görüş idi.  Martın əvvəlində nazirin təşəbbüsü ilə görüşümüz oldu, biz nazirə öz təklifləmizi təqdim etdik. Fəaliyyət planı üzrə işçi qrupunun formalaşdırılmasını dilə gətirdik. Ətraf mühitin qorunması və qanunvericilik, təbii ehtiyyatlardan səmərəli istifadə,  ekoloji maarifləndirmə istiqamətləri üzrə fəaliyyət planımızı təqdim etdik. Hələlik nazirlik idarəetməsində bizim rəylərə isti yanaşır. Biz işimizi təkcə nazirliklə əməkdaşlıq etməklə bitmiş hesab etmirik.

Bizim istəklərimizdən biri də başqa müvafiq qurumlarla koordinasiyanı təşkil etməkdir. Misal üçün, MM –nin ekoloji məsələlər üzrə komitəsi var, həmin komitə ilə əməkdaşlıq və qanunlarla bağlı lazım olacaq dəyişikliklərə ehtiyac olduqda bizim təkliflərin də nəzərə alınmasıdır.

Həmçinin bizim istəyimiz şura olaraq odur ki, tək nazirliyin üst nümayəndələri ilə deyil, həmçinin ən sadə işçisi ilə əlaqələri münbit şəkildə qurulmasına dəstək verilməsidir.

Biz nazirliyin ekspertiza idarəsinin gördüyü işi yenidən nəzərdən keçirmək vəzifəsini də daşıyırıq. Misal üçün, yol tikintiisndə ekoloji qiymətləndirməsində hansısa məqam unudulur, biz bu zaman fikir yürüdə bilərik.

Görüləcək işlər çoxdur, istər ətraf mühitlə bağlı, istər su ehtiyyatları ilə bağlı, yaşıllıqların artırılması məsələləri hər zamanın vacib məsələsi olub.

- Şura üzvlərinin seçimi və iştirakı sizi qane edirmi?

- Mən su ehtiyatları üzrə ixtisaslaşmışam. Bu sahədə öz tövhəmi verə bilərəm. Xarici təcrübə üzrə öz intelektimi, təcrübəmi paylaşaraq nazirliyin fəaliyyətinə dəstəyimi göstərə bilərəm. Bu hansısa nəzəri biliklər, praktiki rəylər, hətta kreativ ideyalar da ola bilər. İctimai Şuraya qədər mənim fəaliyyətimin bir hissəsi məhz ayrı-ayrı yerli və beynəlxalq layihələrdə ekspert kimi çalışmaq olub. Bəzən bu iş könüllü şəkildə olub.

Hər ölkə öz insan resursunu qiymətləndirməlidir. Təəssüf ki, bu gün istər özəl, istərsə də dövlət qurumlarında kadr problemi, qıtlığı yaşanır. İnsan kapitalı ən vacib amildir, qeyri kommersiya təkilatı kimi, vətəndaş cəmiyyətinin bir hissəsi olan İctimai Şura ictimai əsaslarla işləyir. Məqsədimiz cəmiyyətin inkişafına təkan verməkdir. İctimai nəzarət zamanı da biz neytral mövqeyimizi qorumalıyıq, kəskin tənqid deyil, problemlərin həlli üçün lazım olan iradları səsləndirməliyik. Dövlət qurumunun başının üstünü kəsdirmək, qüsur axtarmaq yox, daha çox problemin birgə həllinə çalışmalıyıq.

Bizim şurada təmsil olunan 15 üzvlə də bu məramla birləşmişik. Üzvlər arasında tanıdığım və biliyinə güvəndiyim insanlar var. Məncə İctimai Şura üzvünün mütləq ekoloq olması doğru deyil, əsas idarəetmədir, həmin üzvün potensialından doğru və səmərəli istifadə vacibdir.

- Nazirlik sizi hansı resurslarla təmin edə bilib və ya nəyə ehtiyac var?

-Təminatı qənaətbəxş hesab etmək olmaz. Əlbəttə effektiv fəaliyyət üçün bir çox resusrlara ehtiyac duyulur. Hələlik, toplantı üçün nazirlik öz binasında yer verir. Bölgələrə monitorinq üçün gediriksə, avtomobillə təmin olunmağımız mütləqdir. Şuranın hələlik maliyyə resursları yoxdur.

Mən İctimai Şura sədri vəzifəsində  öz texniki vasitələrimdən, kompyüterimdən istifadə etməməliyəm. Çünki ictimai əsaslarla, könüllü xidmət olsa da, nazirliyin şuranı texniki vasitə ilə təminat imkanları var. Buna görə, ümid edirəm ki, bizə tezliklə texniki dəstək də olacaq.

-Şuraya vətəndaş müraciətləri əsasən hansı mövzuda olur?

- İstər nazirliyə, istərsə də, bizim vəzifəmizə aidiyyəti olmayan xeyli müraciət, şikayətlər alırıq. Bilirsiz, Nazirliyin “168” “qaynar xətti” var. Ora kifayət qədər vətəndaş sualları, şikayətləri daxil olur. Bizim səlahiyyətimiz hüquqi baxımdan bir çox məsələni həll etməyə yetmir. Amma buna baxmayaraq, gərəkli və vacib məsələlər olduqda nazirliyin müvafiq şöbələrinə yönləndiririk. Nəticələr ilə maraqlanırıq. Düşünürəm ki, İctimai Şura ilə bağlı maariflənmə mütləqdir.

 

RAMİNƏ EYVAZQIZI

 

 

Fotolar

Paylaş