Azərsu Açıq Səhimdar Cəmiyyəti yanında İctimai Şura

"Azərsu" ASC yanında İctimai Şuranın növbəti iclası keçirilib - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Cəmiyyətin sədr müavini Köçərli Həsənov şura üzvlərinə vəsiqələri təqdim edib və bildirib ki, Cəmiyyətin bütün strukturları şura üzvləri ilə əməkdaşlıq üçün açıqdır və qaldırılmış məsələlərin həllində operativ dəstək göstəriləcək: “İçməli və tullantı su təsərrüfatı çox geniş və əhatəli sahədir. Suyun emalı, nəqli, anbarlanması, şəbəkəyə ötürülməsi, abonentlərə çatdırılması, tullantı suların toplanması, nəqli, təmizlənməsi və kənarlaşdırılmasının hər biri mürəkkəb texnoloji prosesdir. Cəmiyyətimiz 1 milyon 650 mindən çox abonentə  xidmət göstərir və əsas hədəfimiz müştəri məmnunluğunun təmin olunmasıdır.Artıq İctimai Şura üzvlərindən “Azərsu” ASC-yə müraciətlər daxil olur, müraciətlərin hər biri araşdırılır və lazımi tədbirlər görülür. Gələcəkdə sizinlə birlikdə görəcəyimiz işlər çox olacaq, müştəri məmnunluğunun təmin olunması üçün birlikdə çalışacağıq. Sizin normal fəaliyyətiniz üçün inzibati binada otaq ayrılıb və digər texniki tədbirlər də görülür. Eyni zamanda emal müəssisələrinə, su mənbələrinə, tullantı sutəmizləyici qurğulara, Mərkəzi laboratoriya və digər obyektlərimizə səfərləriniz təşkil olunacaq”.

 

Daha sonra şura üzvləri “Azərsu” ASC-nun fəaliyyətinə dair təqdimatla tanış olublar.

“Azərsu” ASC yanında İctimai Şuranın sədri Rauf Zeyni bildirib ki, vətəndaşlardan, QHT təmsilçilərindən şura üzvlərinə daxil olan müraciətlər araşdırılması üçün dərhal “Azərsu” ASC-yə yönləndirilir: “Yaxın zamanda şuranın fəaliyyət planı təsdiqlənəcək, eyni zamanda reqlament, etik davranış qaydaları hazırlanacaq. Cəmiyyətin fəaliyyəti ilə bağlı qaldırılmış məsələlərin İctimai Şuranın səlahiyyətləri daxilində həllinə çalışılacaq”.

 


Paylaş