Elşad Məmmədov: "Vətəndaş etimadı bizim üçün çox önəmlidir"

2025-ci il üzrə ən fəal İctimai Şura ictimai səsvermə yolu ilə müəyyənləşdirilib. ictimaishura.az platformasında keçirilən açıq onlayn sorğuda 18 mərkəzi icra hakimiyyəti orqanı yanında fəaliyyət göstərən İctimai Şuralar iştirak edib və 1976 nəfər səs verib. Sorğunun nəticələri artıq açıqlanıb. Nəticələrə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura 70% səs (1384 səs) toplayaraq birinci olub.

QHT.az-a açıqlama verən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov bildirib ki, əldə olunan nəticə ictimai etimadın və fəal vətəndaş iştirakçılığının göstəricisidir:

“İctimai Şura böyük dəyərdir. Bu nəticə bizim üçün həm məsuliyyət, həm də motivasiyadır. Sorğuda iştirak edən hər bir vətəndaşa təşəkkür edirik. Bundan sonra da ictimai iştirakçılığın gücləndirilməsi, şəffaflıq və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətimizi daha da genişləndirəcəyik.”

Qeyd edək ki, sorğunun nəticələri ilə ətraflı şəkildə ictimaishura.az platformasında tanış olmaq mümkündür.

 


Paylaş

Aktiv sorğu yoxdur.