Nazir Sahil Babayev Nazirlik yanında İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb - FOTO

İctimai şuranın ilk iclası keçirilib, şuranın sədri, sədr müavini və katibi seçilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə aparılan genişmiqyaslı sosial islahatları diqqətə çatdıran nazir bu islahatlar prosesində ictimai iştirakçılığın təmin olunmasına, vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.

S.Babayev ötən dövrdə həm şura üzvləri, həm də digər vətəndaş cəmiyyəti institutları ilə fəal əməkdaşlıq təcrübəsi formalaşdığını, mütəmadi görüşlər, aidiyyəti məsələlərə dair ictimai dinləmələr, məsləhətləşmələr keçirildiyini qeyd edib.

O, həmçinin ictimai nəzarətin təmin edilməsi, habelə normativ-hüquqi aktların layihələrinin hazırlanması, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi işlərində İctimai şuranın iştirakına geniş şərait yaradıldığını diqqətə çatdırıb. Nazir bu əməkdaşlıq təcrübəsinin qarşıdakı dövrdə də davam edəcəyini bildirib.

Şura üzvləri Nazirliyin fəaliyyətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa,  ictimai nəzarətin təminatına xüsusi diqqət yetirilməsini yüksək dəyərləndiriblər.

9 nəfərlik yeni tərkibdə fəaliyyətə başlayan İctimai şuranın ilk iclası da keçirilib. İclasda “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı” İctimai Birliyinin sədr müavini Elşad Məmmədov şuranın sədri, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və  Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə şuranın sədr müavini, “İnklüziv Cəmiyyət Naminə Əlilliyi Olan Şəxslərə Dəstək“ İctimai Birliyinin sədri Ramilə Mahmudova şuranın katibi seçiliblər.


Paylaş

Aktiv sorğu yoxdur.