Anjelina Allen: USAİD Azərbaycan hökuməti və vətəndaşları ilə iş birliyini möhkəmləndirəcək

"Biz Azərbaycan hökuməti və vətəndaşları ilə iş birliyimizi möhkəmləndirəcəyik".

QHT.az APA-ya istinadən  xəbər verir ki, bunu ABŞ-ın Beynəlxalq İnkişafı Agentliyinin (USAİD) missiya direktoru vəzifəsini icra edən Anjelina Allen Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə) yekunlarına dair dəyirmi masada deyib.


O bildirib ki, ABŞ-ın Beynəlxalq İnkişafı Agentliyi Azərbaycan hökuməti ilə davamlı tərəfdaşlığa böyük önəm verir:

"Onlayn Nəzarət Platforması Azərbaycan vətəndaşlarının hökumətlə birlikdə cəmiyyəti əhatə edən problemlərin həll olunmasında olduqca önəmli mexanizmdir. Göründüyü kimi platforma Azərbaycan hökuməti və qurumları tərəfindən də dəstəklənir".

O qeyd edib ki, platformanın işə salınmasından başlayaraq müraciətlər əsasında problemlərin həlli istiqamətində artan dinamika müşahidə edilir:

"Biz USAİD olaraq artan nəticələrdən xeyli məmnunuq və ümid edirik ki, bundan daha yaxşı nəticələr də əldə olunacaq. İctimai iştirakçılıq və vətəndaş fəallığı Azərbaycan vətəndaşları, Azərbaycan üçün önəmlidir. Biz görürük ki, bu fəallıq, dövlət qurumlarının bu təşəbbüslərdə iştirakı nə qədər artırsa, məsələlərin həlli də bir o qədər artır".

USAİD nümayəndəsinin sözlərinə görə, platforma populyarlıq qazanmaqda davam edir:

"Bu da vətəndaşlara onları narahat edən problemlərin aradan qaldırımasında kömək edir. Mən fürsətdən istifadə edib, fəallıq göstərən vətəndaşlara təşəkkür edirəm. Bu, olduqca təsiredici və təqdirəlayiq iştirakçılıqdır".

O sonda qeyd edib ki, USAİD bu platformanı dəstəkləməkdə qərarlıdır:

"Biz ümid edirik ki, bu platforma uzun müddət dayanıqlığı və təchizatı ilə seçiləcək. Biz bu cür ictimai platformaların, təşəbbüslərin daha da təşəkkül tapmasını arzulayırıq".

 

Aləmdə Nəsib
APA


Paylaş

Aktiv sorğu yoxdur.