Təhsil Nazirliyi yanında İctimai Şuradan deputata CAVAB - AÇIQLAMA

"15 may 2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, millət vəkili Etibar Əliyev “Facebook” sosial şəbəkəsindəki şəxsi profilində 165 və 210 nömrəli məktəblərdə direktor təyinatı ilə bağlı narahatlığını əks etdirən yazı paylaşıb".

Bu barədə  Təhsil Nazirliyi yanında İctimai Şuradan məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı İctimai Şura tərəfindən Təhsil Nazirliyinə və Bakı Şəhər Təhsil İdarəsinə onlayn sorğu göndərilib:

"Həmin sorğuya cavab olaraq qeyd edilib ki, 6 ildən artıqdır ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron sistem vasitəsilə həyata keçirilən müsabiqə yolu ilə həyata keçirilir. Prosesin qeyd olunan formatda həyata keçirilməsi direktor seçimi ilə bağlı ən optimal yanaşmadır. Hazırda proses şəffaflıq və sağlam rəqabət mühiti təmin edilməklə, test imtahanı və müsahibə yolu ilə baş tutur". 

Şuradan verilən məlumata görə, direktor vəzifəsinə müsabiqədənkənar şəxslərin təyin olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:

"Belə ki, məlumatlarda adı qeyd olunan Həqiqət Gülalıyeva İmran qızı 2021-ci ildə keçirilən direktorların işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələlərində müvafiq keçid balı toplayıb. H.Gülalıyeva təhsil nazirinin əmri ilə 06.12.2021-ci il tarixindən 1 illik müddətli əmək müqaviləsi əsasında Bakı şəhər 210 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunub. Adıçəkilən digər şəxs – Nağıyev Ruslan Özbəy oğlu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən direktor müavini vəzifəsinə keçirilən müsabiqədə uğur qazanaraq, Bakı şəhəri 252 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunub. Peşəkarlığı nəzərə alınaraq Bakı şəhər 165 nömrəli tam orta məktəbdə direktor vəzifəsinin icrası 3 ay müddətinə Ruslan Nağıyevə həvalə edilib. 165 nömrəli tam orta məktəbin keçmiş direktoru Məmmədov Vüqar Cəfər oğlu ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 25 aprel 2022-ci il tarixdən ləğv edilib".  

 

"Həmçinin qeyd olunub ki, hazırda ümumi təhsil müəssisələrinə direktor seçimi zamanı yeni mexanizm hazırlanır. Prosesin həyata keçirilməsində təhsilalanların sayının nəzərə alınması müzakirə olunur. Mexanizm təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. İctimaiyyətin diqqətinə onu da çatdırmaq istərdik ki, TN yanında İctimai Şuranın həftəlik onlayn və ya offlayn görüşləri keçirilir, yeni tərkiblə fəaliyyətə başladığı ilk 5 ay ərzində 4 ictimai dinləmə, onlarla görüş təşkil edib. Eyni zamanda müxtəlif istiqamətlər üzrə sosial şəbəkə hesabları mövcuddur. Millət vəkili Etibar Əliyev İctimai Şuranın bütün görüş və müzakirələrində iştirak etsə də, sosial şəbəkədə qeyd etdiyi narahatlığı ilə bağlı müzakirələrimiz zamanı hər hansı fikir səsləndirməyib. Hörmətli millət vəkili Etibar Əliyevə və müzakirəyə qoşulan vətəndaşlara təhsil sahəsində olan məsələlərə həssas yanaşdıqları üçün təşəkkür edir və İctimai Şuranın təhsillə bağlı istənilən məsələnin müzakirəsində maraqlı olduğunu xüsusi ilə qeyd etmək istərdik", - məlumatda qeyd olunur.


Paylaş

Aktiv sorğu yoxdur.