Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura üzvləri ilə görüş keçirilib. 

Görüşdə əlilliyin qiymətləndirilməsi, mövcud qanunvericilik bazası, əlilliyi olan şəxslərin reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər, bu sahədə nöqsan və çatışmazlıqlar müzakirə olunub. Agentliyin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov bildirib ki, əlilliyin müəyyən olunması, bu sahədə şəffaflıq və sosial ədalət prinspilərinin təmin olunması məqsədi ilə mütəmadi araşdırmalar aparılır. 

Xüsusi ilə saxta əlillik faktlarının aşkarlanmasını və cəmiyyətdə bu cür hallara ictimai qınağın artırılmasının vacibliyi önə çəkilib. Görüşdə Nazirlər Kabinetinə təqdim edilən “Əlilliyin müəyyən olunması meyarları”layihəsindən də söz açılıb. Bildirib ki, yeni meyarlarda əlilliyin qiymətləndirilməsi zamanı insanın 7 əsas həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınacaq.

İctimai şuranın sədri Elşad Məmmədov isə birgə əməkdaşlıq çərçivəsində əlilliyin müəyyən olunması, saxta əlillik faktlarının aşkarlanması istiqamətində neqativ halları araşdırmaq və birgə mübarizə aparmağın əhəmiyyətindən danışıb. 

İctimai şuranın sədr müavini Umud Mirzəyev və digər çıxışçılar müzakirələr zamanı Vətən müharibəsində hərbi əməliyyatlar zamanı aşağı və yuxarı ətrafları amputasiya olunan qazilərin yüksək texnologiyalı protezlərlə təmin olunması, ümumilikdə bu istiqamətdə görülən işləri yüksək qiymətləndiriblər. İctimai Şura üzvləri əlilliyin müasir qiymətləndirmə mexanizmləri, monitorinq hədəflərinin dəqiq müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.