İctimai iştirakçılıq: Keçmiş təcrübə və gələcək perspektivlər

Cəsarət Hüseynzadə
“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri

 
Ölkəmizdə son dövrlər müxtəlif sahələrdə islahatlar aparılmaqdadır. Beynəlxalq təcrübə göstərir ki, müxtəlif neqativ halların qarşısının alınmasında və yaxud bu halların ifşa edilməsində ictimai nəzarət mexanizmləri əhəmiyyətli rola malikdir.

Dünya təcrübəsində rəsmi qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi uğurlu idarəetmənin təşviq olunması üçün mühüm alətlərdən biri sayılır. Çox təəssüf ki, ictimai nəzarət ilə bağlı ölkəmizdə bir o qədər də yaxşı təcrübə mövcud deyil.
 
İlham Əliyev: “Ölkədə ictimai nəzarət zəifdir, onu gücləndirmək lazımdır.”
 
Prezident İlham Əliyev tərəfindən də dəfələrlə ictimai nəzarətlə bağlı çağırışlar səsləndirilmiş və ictimai nəzarətin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Ölkə başçısı islahatların əsas dalğasının olduğu 2020-ci il martın 10-da yeni parlament üzvlərinin qarşısındakı çıxışında da bu məsələyə xüsusi diqqət yetirdi: “Ölkədə ictimai nəzarət zəifdir, onu gücləndirmək lazımdır. Qoy, vətəndaşlar yerli məmurların özbaşınalığı barədə məlumat versinlər.”
Prezident tərəfindən ictimai nəzarətin vacibliyi müxtəlif tədbirlərdə dəfələrlə qeyd olunub. Dövlətimizin başçısı qeyd edir ki, qanun pozuntularının, sosial ədalətsizliyin qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni mexanizm yarana bilər. Sitat: “İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür.”

Göründüyü kimi, ictimai nəzarətin vacibliyi ölkə başçısı tərəfindən çox sərt şəkildə qoyulub. Eyni zamanda bu çağırışlar onu da özündə ehtiva edir ki, ictimai nəzarətlə bağlı vəziyyət ölkədə ürəkaçan deyil. Prezident tərəfindən bir neçə çıxışlarda müxtəlif fəaliyyətlərin icrasına ekspertlərin, jurnalistlərin və qeyri - hökumət təşkilatları nümayəndələrinin cəlb olunması vacibliyinin bildirilməsi, eyni zamanda o anlama gəlir ki, bəzi dövlət qurumları üçüncü sektoru özlərinə bir o qədər də yaxın buraxmır.

İctimai iştirakçılığın qanunvericilik təminatı və formaları

İctimai nəzarətin həyata keçirilməsi üçün müxtəlif mexanizm və imkanların yaradılması və bu imkanların qanunla təsbit olunması vacib şərtlərdəndir. Bu baxımdan informasiyaya əlçatanlığın və ictimai iştirakçılığın təmin olunması çox vacibdir. İnformasiyaya əlçatanlığın təmin olunması üçün qanunvericilikdə müddəalar yer almışdır. Düzdür, bu sahədə də müəyyən problemlər qalmaqdadır. İctimai iştirakçılıqla bağlı məsələlərin qanunvericiliyə gətirilməsi isə yaxın keçmişlə bağlıdır. Bu yeni mexanizm eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri də tənzimləyir.

Qeyd olunan münasibətləri tənzimləyən əsas qanun “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 22 noyabr 2013-cü il tarixində imzalanılıb və 2014-cü il iyunun 1-dən qüvvəyə minib.
Bu Qanunla ilk dəfə Azərbaycanda vətəndaş cəmiyyəti institutları ifadəsinin hüquqi tərkibi (açılışı) verilmişdir. Qanuna əsasən, vətəndaş cəmiyyəti institutları deyilərkən – qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri başa düşülür.
Qanun həmçinin ictimai iştirakçılığın prinsiplərinin qanunçuluq, könüllülük, şəffaflıq, plüralizm, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi olduğunu bildirir.
 
İctimai iştirakçılığın formaları
Sözü gedən qanuna əsasən ictimai iştirakçılığın 6 əsas forması var:
1. ictimai şura;
2. ictimai müzakirə;
3. ictimai dinləmə;
4. ictimai rəyin öyrənilməsi;
5. hüquqi aktların layihələrinin ictimai müzakirəsi;
6. yazılı məsləhətləşmə.
 
Eyni zamanda qanun ictimai iştirakçılığın digər formalarda həyata keçirilməsini də qadağan etmir.
 
İctimai iştirakçılığın “ölü” formaları

Son dövrlər ictimai iştirakçılıq ilə bağlı müzakirələr gedərkən əsas diqqət İctimai şuralara yönəlir. Halbuki, İctimai şuralar ictimai iştirakçılığın prosedura baxımdan ən çətin formasıdır. Digər formaların (ictimai müzakirələr, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsinin keçirilməsi və yazılı məsləhətləşmələrin aparılması) həyata keçirilməsi daha münasib və qısa zaman kəsiyində mümkündür.
Çox təəssüf ki, bir neçə mərkəzi icra hakimiyyəti orqanı istisna olmaqla qeyd olunan ictimai iştirakçılıq formalarından istifadə olunmur. Həmin formalar haqqında qanunda da geniş imkanlar yer almışdır.

Həmçinin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası” da təsdiq edilib.

Müvafiq qaydalarda hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi ilə bağlı məqamlar öz əksini tapıb. Qaydalarla mərkəzi icra hakimiyyəti orqanı hazırladığı normativ hüquqi aktların layihələrini razılaşdırılması üçün göndərildiyi andan özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində yerləşdirilməsi vacib sayılır.

Qanunvericiliyin bu hissəsinin zəif həyata keçirilməsinin bir səbəbi də ictimai iştirakçılığın qeyd olunan formaları haqqında QHT-lər tərəfindən monitorinqlərin keçirilməməsi və jurnalist araşdırmalarının aparılmamasıdır. Bir sözlə qanunun bu imkanlarından az sayda insan xəbərdardır və müvafiq dövlət qurumları bundan istifadə edərək həmin formalara bir o qədər də diqqət yetirmirlər.

Hesab edirəm ki, ən azından nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanları qanun layihələrini öz elektron resurslarında mütəmadi yerləşdirməklə və eyni zamanda rəsmi qurumlar ilə vətəndaş cəmiyyəti təşkilatları arasında kommunikasiyaların yeni müstəvidə inkişafı bu prosesi sürətləndirə bilər.
 
İctimai Şuralar: Uğursuz təcrübə və ümidli gələcək

Son dövrlərin populyar ifadəsi olan İctimai şuralar kənarda olanlar üçün qapalı mücrü, üzvlər üçün isə fərqli nəsnədir. Ən çox maraq doğuran isə İctimai şuraya üzv olan şəxsin növbəti dəfə nəyin bahasına olursa-olsun Şuraya can atmalarıdır. Hər bir vətəndaş cəmiyyəti institutu nümayəndəsinin seçilmək hüququnun olduğunu nəzərə alaraq, bu istəklərə də sayğı göstərmək zorundayıq.

Hüquqdan söz düşmüşkən, İctimai şuralar ilə bağlı məsələlər “İctimai iştirakçılıq haqqında” qanunla bərabər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 30 may 2014-cü il tarixdə qəbul olunmuş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” ilə tənzimlənir.
Bu 2 qanunvericilik aktının tətbiqinə gəldikdə isə mərkəzi icra hakimiyyəti orqanı sayılan 17 nazirlik, 7 dövlət komitəsi, 7 dövlət şirkətləri və xidmətlərinin hüquqşünasları müxtəlif və fərqli proseduralar həyata keçirirlər.

Qısacası hər bir qurum öz istədiyi kimi qaydalar qoyur, öz istədiyi sənədləri tələb edir və s.
Vəziyyət elə gətirib ki, ötən müddətdə ən azından bu qanunu oxuyub, başa düşdüyü və yaxud istədiyi kimi icra edənlərə də təşəkkür etməli olmuşuq.
Başqa sözlə desək, 2020-ci ilədək cəmi 11 mərkəzi icra hakimiyyəti orqanı qanunun tələblərinə riayət edərək müvafiq ictimai şuralar yaratmışlar. Çox təəssüf həmin İctimai şuraların bir çoxunun yaradılmasında və fəaliyyətində heç də yaxşı nümunələr mövcud deyildir.
 
Ötən illərin təcrübəsi bu prosesdə aşağıdakı problemlərin olduğunu göstərir:
- İctimai şuraya keçirilən seçkilər ilə bağlı məlumatların əlçatan olmaması;
- Seçkilər ilə bağlı həm namizədlər üçün, həm də seçicilər üçün qanunda nəzərdə tutulmayan sənədlərin və yaxud sənəd nümunələrin qeyri adekvat formada tələb olunması;
- İctimai şuraların fəaliyyəti haqqında məlumatların olmaması;
- VCT-lərin bilik və bacarıqlarının zəif olması;
- Və s.
 
İctimai Şuralar bağlı yeni mərhələ

Son bir neçə ayda müxtəlif mərkəzi və yerli icra hakimiyyətləri yanında İctimai şuraların yaradılması ilə bağlı məlumatlar ölkə mətbuatında yer almaqdadır. Kənardan elə görünür ki, hər hansı gözə görünməz qüvvə bu İctimai şuraların yaradılmasını sürətləndir.
Lakin bununla bağlı müəyyən qanunauyğun səbəblər də mövcuddur. Belə ki, vətəndaş cəmiyyəti təşkilatlarının fəalları və xüsusən Açıq Hökumət Platformasının nümayəndələri həm ölkə başçısının ictimai nəzarətlə bağlı çağırışlarından ruhlanaraq, həmçinin bir çox qurumların “İctimai iştirakçılıq haqqında” qanunun tələblərini yerinə yetirmədiyin nəzərə alaraq, İctimai şuraların fəaliyyətinin genişlənməsi ilə bağlı məsələləri “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na daxil etməyə müvəffəq oldular.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 fevral 2020-cil tarixli sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” İctimai şuraların yaradılmasına çox böyük təkan verməkdədir.
Milli Fəaliyyət Planının 5.5-ci maddəsinə görə, 2020-2022-ci illərdə İctimai şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi nəzərdə tutulur.
Göründüyü kimi İctimai şuraların canlanması məsələsi Milli Fəaliyyət planında konkret göstərilmişdir. Lakin əsas məqam sözsüz ki, ölkə başçısının bu məsələ ilə bağlı mövqeyi və ictimai nəzarətin inkişafı ilə bağlı baxışlarıdır. İnanmaq istərdik ki, bəzi qurumlar artıq ictimai iştirakçılıqla bağlı maneələri aradan qaldıracaqlar.

2020-cildə sərt karantin tədbirlərinin ilə bağlı səlahiyyət müddəti bitmiş İctimai şuraların yenilənməsi və digər qurumlarda İctimai şuraların yaradılması prosesi yarımçıq qalmışdır.

Prosesə ötən ilin sonunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüşdən sonra yenidən start verilib.
Artıq bir neçə mərkəzi icra hakimiyyəti yanında ictimai şuralara seçkilər keçirilmiş və yeni komandalar formalaşıb. Hazırda 10 mərkəzi icra hakimiyyəti orqanı yanında İctimai şuralar (bir neçəsinin fəaliyyət müddəti bitib) mövcuddur. 4 qurumda isə seçkilərin keçirilməsi prosesi müxtəlif mərhələlərdədir. Eyni zamanda alınan məlumatlara görə, yaxın vaxtlarda bir neçə mərkəzi icra hakimiyyəti orqanında da seçkilərin keçirilməsi planlaşdırılır.
 
 
İctimai Şuraların fəaliyyətinin təşviq edilməsi
 
İctimai Şuraların yaradılması və səmərəli fəaliyyəti bir çox amillərdən asılıdır. İlk növbədə qanunvericilik bazasında müəyyən dəyişikliklərin aparılması vacibdir. Bununla bağlı artıq müxtəlif təşəbbüslər göstərilməkdədir. Bundan başqa, ötən illərin təcrübəsi göstərir ki, hansı ictimai şuranın fəal olması və uğurlu fəaliyyəti müəyyən mənada həmin qurumun rəhbərinin ictimai iştirakçılığa baxışından və münasibətindən asılıdır. Əlbəttə ki, bu heç də yaxşı təcrübə deyil.

Bu prosesdə əsas vacib olan məqam vətəndaş cəmiyyəti institutlarının fəallığıdır ki, çox təəssüf ki, bir çox hallarda biz bu təşəbbüskarlığı görmürük.
Əgər İctimai şuranın əsas missiyalarında biri ictimai nəzarətin həyata keçirilməsidirsə, həmin qurumun müəyyən mənada ictimai şuraya təsiri başa düşüləndir. Məhz VCT-lərin bu prosesdə fəallığı və tələbkarlığının olmaması ictimai şuraların nüfuzunu xeyli zəiflədir.
Bir çox hallarda belə fikirlər də səsləndirilir ki, İctimai şura üzvləri media və sosial şəbəkə üzərindən tənqidi fikirlərini bildirmirlər.
Əlbəttə ki, o fikir də məntiqli deyil ki, İctimai şura üzvləri mətbuat və sosial şəbəkələr üzərindən müvafiq mərkəzi icra hakimiyyəti orqanını tənqid etməlidir və yaxud fikirlərinin ancaq həmin platforma üzərindən bildirməlidirlər. İctimai şura üzvlərinin fikirləri qurum rəhbərliyi tərəfindən dinlənilirsə və qəbul edilirsə, bu daha konstruktiv formadır. İctimai şuranın üstünlüyü də məhz ondan ibarədir ki, rəhbərlik daha əlçatandır və bu imkanlardan istifadə olunması müsbət nəticələr verir.

Bütün hallarda hesab edirəm ki, təkcə İctimai şuraların üzvləri deyil, bütün vətəndaş cəmiyyəti təşkilatları ictimai iştirakçılığın və xüsusən də ictimai şuraların fəaliyyətinin uğurlu alınması və xüsusən şəffaflığın təmin olunması üçün prosesləri yaxından izləməlidir.
Biz “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi olaraq, bir neçə ildir ki, bu sahədə ictimai nəzarəti, məlumatlandırmağı həyata keçirir və prosesi təşviq edirik.

Mütəmadi olaraq mediada mövzu ilə bağlı çıxış edirik, müsahibələr veririk, sosial şəbəkələrdə müzakirələr açırıq.
2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə “İctimai şuraların fəaliyyətinin təşviqi” layihəsi həyata keçirmişik. Layihə çərçivəsində təşviqat işləri aparılıb.
Bu ildən başlayaraq, Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” layihəsi çərçivəsində "İctimai Şuralar üçün onlayn portalın yaradılması” təşəbbüsünü də həyata keçiririk.
Bu təşəbbüs çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai Şuralar üçün mərkəzləşdirilmiş onlayn platforma – www.ictimaishura.az saytı hazırlamışıq.

Məqsədimiz informasiya mübadiləsi, ictimaiyyətlə qarşılıqlı fəaliyyət üzrə ictimai şuraların potensialı genişləndirmək, ictimaiyyətin məlumatlandırılması və seçkilər də daxil olmaqla İctimai şuraların fəaliyyətinə nəzarətin artırılmasına dəstək verməkdir.
Tərəfimizdən artıq İctimai şuraların vahid bazası yaradılır, mütəmadi olaraq İctimai şuralara keçirilən seçkilər haqqında məlumatlar verilir, seçki dövründə maarifləndirmə kampaniyası, mövzular ilə bağlı debatlar təşkil olunur. Yaradılan www.ictimaishura.az saytında İctimai şuraların məlumatlarının müstəqil 
yeniləməsi üçün funksionalıq təmin olunub və hər bir ictimai şura üçün subsaytlar formalaşdırılır.
 
Qanunvericilikdə dəyişikliklər vacibdir
 
Ötən 7 illik təcrübə onu göstərir ki, İctimai şuralar işlək mexanizmə çevrilməyib. Bu prosesdə dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarını qane etməyən məqamlar var. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin müvafiq qurumlarla keçirdiyi görüşdə mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri də çıxış edərək ictimai şuraların yaradılması və fəaliyyəti zamanı üzləşdikləri problemləri diqqətə çatdırıblar.
Onlar bəzi hallarda ictimai şuralara seçilən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin öz funksiyalarını, hüquq və vəzifələrini bilmədiklərini, habelə aidiyyəti sahə üzrə məlumatsız olduqlarını vurğulayıblar.

Çox təəssüf ki, bu da bir reallıqdır. Məsələnin bu formada qaldırılması bəzi qurumların seçki ilə bağlı məhdudiyyətləri tətbiq etmək istəyi ilə də əlaqəli ola bilər. Amma bütün hallarda qeyd olunan iradlarla bağlı problemlər mövcuddur.
Ümumi vəziyyət onu göstərir ki, qanunvericiliyə dəyişiklik olacaq. Fikrimcə,  “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və həmçinin bu qanunun icrası ilə bağlı qəbul edilən Nazirlər Kabinetinin hər 2 qərarına dəyişikliklər edilməsi zamanın tələbidir. Bu dəyişikliklər QHT-lərin iştirakı ilə geniş müzakirələrdən keçməli və daha sonra qəbul edilməlidir.

 

 


Paylaş