Sahib Məmmədov Dövlət Komitəsi yanında yaradılan İctimai şuranın sədri seçildi

Sahib Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında yaradılan İctimai şuranın sədri seçildi

23 fevral 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında yaradılan İctimai şuranın yeni heyətinin üzvləri ilə görüş keçirilib.

Görüşdə ilk olaraq, Dövlət Komitəsinin sədr müavini, İctimai şuraya şeçkilər üzrə Komissiyanın sədri Sədaqət Qəhrəmanovanın seçkinin yekunlarına dair məlumatı dinlənilib.

Sonra gündəliyin əsas məsələləri müzakirə olunub. Heyət üzvləri arasında “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq şuranın sədri, onun müavinləri və şuranın katibi vəzifələrinə seçilmək üçün səsvermə keçirilmişdir.

İki il müddətinə fəaliyyət göstərəcək İctimai şuraya üzvlər arasından səs çoxluğu ilə Sahib Məmmədov (Vətəndaşların əmək hüquqlarını müdafiə liqası) şuranın sədri, Mehriban Zeynalova (“Təmiz Dünya” Qadınlara Yardım İB) və Rahilə Mehtiyeva (“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB) şuranın sədr müavinləri və Kəmalə Aşumova (Ümidli Gələcək Sosial Təşəbbüslər İB) şuranın katibi seçilmişlər.

Dövlət Komitəsinin sədri Bahar Muradova seçki prosesini uğurla apararaq şuraya üzv seçilən qeyri-hökumət təşkilatı nümayəndələrini təbrik edərək onlara bu sahədə dövlət siyasətinin həyata keçirilməsi üçün qanunla müəyyən olunmuş səlahiyyət və öhdəliklərin icrasında hər cür dəstək veriləcəyini diqqətə çatdırdı. O, Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlərin icrasında İctimai Şura ilə səmərəli əməkdaşlığın davamlı olacağını bildirib. B. Muradova qarşıda 2021-ci il üçün nəzərdə tutulan geniş fəaliyyət sahələrinin olduğunu və bu istiqamətdə hər bir fərdin üzərinə düşən vəzifələri yerinə yetirməklə, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən müharibə sonrası planlaşdırılan hərtərəfli inkişaf və quruculuq prosesində yaxından iştirak etmənin vacibliyini vurğulayıb.

Həmçinin Dövlət Komitəsinin öz fəaliyyətini həyata keçirərkən vətəndaş maraqlarını, o cümlədən, ictimai rəyin öyrənilməsi və nəzərə alınması sahəsində şəffaflığın və aşkarlığın təmin edilməsi işinə bu əməkdaşlığın çox böyük töhfə verəcəyinə inandığını qeyd edərək, onlara uğurlar arzu edib.

Sonra İctimai şuranın fəaliyyət istiqamətləri ilə bağlı rəy və təkliflər səsləndirilib. Şura üzvləri Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edəcəklərini, ölkədə gender bərabərliyinin təmin edilməsi, o cümlədən, ailə, qadın və uşaq məsələləri ilə bağlı ictimai müzakirələrin daha səmərəli təşkilinə öz töhfələrini verəcəklərini bildiriblər.

Görüş müzakirələrlə davam edib.

Fotolar

Paylaş