“Azəriqaz” yanında İctimai Şuraya namizdlərin sənədləri qəbul edilir

Azəriqaz” İstehsalat Birliyi kommunal xidmətlər üzrə ekspertlər və Qeyri-Hökumət Təşkilatları (QHT), eləcə də ictimaiyyət nümayəndələrindən ibarət İctimai Şuranın yaradılması işlərinə başlayıb.

 

Birlikdən bildirilib ki, bu məqsədlə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev İB-də İctimai Şuraya seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyasının təşkilinə dair əmr imzalayıb. Əmrə əsasən, komissiyanın tərkibində “Azəriqaz” İB-nin Hüquq departamenti, Təmir-Tikinti İdarəsi, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbər şəxsləri, Həmkarlar İttifaqı Komitəsinin sədri, eləcə də "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi, "İqtisadi resursların öyrənilməsi" İctimai Birliyi, "Sosial Rifah və Tədqiqatlar" İctimai Birliyi, "Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyi və "Azad iqtisadiyyatın inkişafına yardım mərkəzi" İctimai Birliyinin rəhbər şəxsləri daxildir.

 

İctimai Şurada təmsil olunmaq istəyən namizədlərdən xahiş olunur ki, fevralın 16-dan etibarən martın 19-dək şəxsiyyət vəsiqəsinin surətini, namizədin tərcümeyi-halını və namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surətini “office.azerigas@socar.az” elektron ünvana göndərsinlər.

 

“Azəriqaz” İB hesab edir ki, İctimai Şura məşvərətçi bir təsisat olmaqla birliyin işində ortalığa çıxa biləcək hər hansı çətinliklər, abonentlərin narazılıqlarının dərhal müzakirə olunması, problemlərin tez bir zamanda həll edilməsi üçün vacib rol oynayacaq. Bununla da abonent məmnuniyyətinə nail olmaq istiqamətində mühüm addım atılmış olacaq.


Paylaş