Minatəmizləmə Agentliyi yanında İctimai Şura

Umud Mirzəyev: “Dövlət qurumlarının ictimai şuralara ögey münasibəti var"

“İctimai şuraların hansısa qurumun yanında olması artıq problemdir, sən ona opponentlik edə bilmirsən”

 

Ölkədə ictimai şuraların fəaliyyəti və gördüyü işlərlə bağlı məlumatlandırma layihəsi çərçivəsində aparılan müsahibələrimiz davam edir.

Bu dəfəki müsahibimiz Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevdir.

Umud Mirzəyev bir il əvvəl Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yanında ictimai şuranın sədri seçilib.

 

-İctimai şuraların fəaliyyəti üçün yaradılan imkanlar yetərlidirmi?

-İctimai şura institutu barədə illər əvvəl danışılmağa başlansa da, Azərbaycan üçün yenidir.

İctimai şuralara yanaşmalar, münasibət, şuranın vəzifələri hələ dəqiqləşməyib. QHT, vətəndaş cəmiyyəti və təşəbbüs qrupları nisbətən formalaşıb, baxmayaraq ki, onların da yaranması üçün xeyli zaman sərf etmişik. Onlar özünün əhatə dairəsini müəyyənləşdirib, ürəklə demək olar ki, bu gün vətəndaş cəmiyyətini təmsil edən layiqli təşkilatlarımız var.

 

Bizim təşkilatın 30-a yaxın yaşı var, illər ərzində çox çətinliyimiz, keşməkeşli günlərimiz olub. Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu dedikdə həm ölkədaxili, həm də xaricdə Azərbaycanı təmsil edən qurum kimi adı çəkilir. Biz maddi texniki bazası formalaşmış, öz komandasını yaratmış, necə deyərlər, oturuşmuş təşkilat kimi illərdir ciddi layihələr həyata keçirməkdə davam edirik. Eləcə də, mənim peşəkar fəaliyyətə imza atan və tanıdığım qeyri-hökumət təşkilatlarımızın adını çəkə bilərəm.

 

İctimai şuraların da zamanla güclənməsi üçün cəmiyyətdə təşəbbüslər vacibdir, burada həmin təcrübəli vətəndaş cəmiyyətlərinin birgə səyi tələb olunur. Bu da böyük mübarizə, cəhdlər deməkdir. Ölkə rəhbəri də illərdir, ictimai nəzarətin gücləndirilməsi üçün sərt çıxışlar və çağırışlar verir. Deməli, ictimai maraqların təminatı üçün bu sahənin inkişafı vacibdir.

 

-Umud müəllim, konkret ictimai şura işinin qurulması üçün nə tələb olunur?

- Dediyim kimi, hələ ki aşmalı olduğumuz problemlər mövcuddur. Mən hazırda bir neçə ictimai şurada təmsil olunuram. Qaçqın və məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsindəki ictimai şuranın üzvüyəm, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılmış ictimai şurada sədr müaviniyəm, eləcə də ANAMA -da ictimai şuranın sədrliyinin məsuliyyətini daşıyıram.

 

İctimai şura üzvü və sədr seçiləndə öz istəyim yox, daha çox mənə etimad göstərənlərin təşəbbüsləri və təklifləri olub. Bu formatda fəaliyyət üçün ilk əvvəl zaman lazımdır. Düşünürəm ki, bu sektor üçün münbit şərait yaradılsa, bütün işləri çatdırmaq olar. Bəzən kənardan ittiham olunuruq ki, bu qədər işi necə üzərimizə götürürük. Mənim və həmkarlarımın adı da bu məsələdə hallanır. Çoxu ictimai şuranın mahiyyətini hələ də anlamır. İctimai şurada kobud desək, nə isə paylanmır. Bu ictimai əsaslar və könüllüyə dayanan fəaliyyətdir.

 

İctimai şuranın fəaliyyəti üçün imkanlara gəlincə, bu prosesdə problemlərin çözülməsi və sürətlənməsi üçün qanunvericilikdə boşluqlar doldurulmalıdır.

 

Misal üçün, bir çox ictimai şuranın faktiki yeri, ofisi, istədiyi vaxt toplaşacağı yer, maliyyə resursları yoxdur və bir az da asılılığı var. Toplantı üçün əvvəlcədən yerin müəyyən edilməsinə, istədiyimiz vaxt səfərin təşkilinə və ya nəqliyyatın verilməsinə zaman gedir. Bu problemi ümumilikdə şuraların çətinliyi kimi bildirirəm.

 

Biz müstəqilliyimizdən danışa bilmərik

 

Bir məqam da var. İctimai şuraların hansısa qurumun yanında olması artıq problemdir, çünki sən onun yanındasan. Bu halda biz müstəqilliyimizdən danışa bilmərik, çünki biz opponent olmuruq. Yanında olduğun hansısa qurumla opponentlik edə bilməzsən. Ola bilər ki, icra orqanı bunu istəsin, yaxud arzulamasın, bütün hallarda bizim dayandığımız mövqe belə görünür.

 

Digər məsələ ictimai şuralara ögey münasibət göstərən hökumət qurumlar da var, bu ögeylik ortadan qaldırılmalıdır. Axı biz onların işini asanlaşdırmaq üçün onların yanındayıq. Qeyd etdiklərim iradlar kimi yox, təkliflər kimi başa düşülməlidir.

 

Düşünürəm ki, bizim fəaliyyətimiz üçün əlavə nələrsə təmin olunmalıdır. Ola bilsin ki, burada Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyində, yaxud icra strukturlarında bəlli büdcə olsun, söhbət maliyyə resurslarından gedir. Agentlik bu məsələdə vasitəçilik edə bilər. Bu dolayısı və ya hansısa formada qanunvericilikdə əksini tapa bilər. İcra mexanizmləri konkret əks olunsa, işimiz asanlaşar. Çünki müvafiq qanunda hansısa məsələdə söhbət gedir, amma onun xırdalığı ətraflı izah olunmayıb. Baxmayaraq ki, qanun hazırlananda biz də qismən də olsa aparılan ictimai dinləmələrdə təkliflərimizi vermişdik.

Elə bil ki, ictimai şura kimi hər hansı qurumda müəyyən fəaliyyətin qurulması üçün sən orda ehtiyyatdasan. Şuralara seçilən adamların çoxu məşğul insanlardır. Yəni, qaydaya görə vətəndaş cəmiyyətini təmsil edənlər olsa belə, öz işi olan kəslərdir. Başqa sözlə, o şəxs işə getməsə, çörəyini qazana bilməyəcək.

 

İctimai şurada təmsilçilik üçün can atır, amma heç öz işləri yolunda getmir.

 

Misal üçün, bir QHT kimi mənim peşəkar komandam var, mən bilirəm ki, mən işimin başında bir müddət olmasam, işçilərim bu yoxluğu həll edəcək və mən öz işimdən kənar ictimai şura üçün harasa səfər edə bilərəm, toplantıya qatıla bilərəm. Adamlar var ki, ictimai şurada təmsilçilik üçün can atır, amma onun özünün şəxsi fəaliyyətində işləri çox olur, yaxud heç öz işləri yolunda getmir. Hətta hansısa təmənna ilə nazirlik daxilində işə can atanlar da var ki, ictimai şuranın şəxsi maraqlara nail olmaq üçün yer olduğunu düşünürlər. Bu da, yenə də vurğulayıram ki, şura barədə yalnış fikirlərin mövcudluğu ilə bağlıdır.

Bir məqamı da qeyd etmək istəyirəm. Bizim şuramız iki illik fəaliyyətə əsaslanır, növbəti iki ildə seçkilər aparılır. Bu səbəbdən növbəti gələn komanda əvvəlki qrupun gördüyü işdən mütləq faydalanmalıdır. Bəzən görürsən ki, böyük əməyin sayəsində qurulmuş fəaliyyət planı, hesabatlar növbəti dəfə seçilən şuranın maraqlarına uyğun gəlmir, başqa sözlə, təcrübədən faydalanılmır.

 

İşimizin çox olduğunu bilirik, amma vədlər vermək tezdir

-ANAMA yanında ictimai şura sədri kimi gördüyünüz, görəcəyiniz işlər barədə məlumat verərdiniz. İndi bu sahə daha aktual və vacib məsələ hesab olunur.

-Bir il əvvəl ANAMA yanında ictimai şura rəhbəri seçildim. Yeddi nəfər şura üzvümüz var. Bilirsiz ki, bu sahə spesifik və yığcam fəaliyyətlə məşğuldur. Şurada təmsil olunan nümayəndələr də, bu sahədə təcrübəsi olan və məlumatlı insanlardır. İyirmi ildən çoxdur ki, təşkilatımın ANAMA ilə birgə layihələri və əməkdaşlığı qurulub. Tərəfdaş kimi fəaliyyətlərə bələd olduğumuz üçün biz elə əvvəl də istədiyimiz kimi toplantı və müzakirələr etmişik.

 

Ötən bir il ərzində isə davamlı bölgələrə səfərlərimiz olub, təkliflərimizi vermişik. Hazırda əsas qayə işğaldan azad olunan torpaqlarımızda təhlükəsizliyin təminatıdır. Bunun üçün də ANAMA ilə birgə bu məsələyə köklənmişik.

 

Horadiz, Tərtər, Füzuli, Ağdama səfərlər çərçivəsində görüşlərimiz olub. Səfər vaxtı mina problemi yaşamış və ya yaşayan insanlarla, bölgə sakinləriylə söhbətlər aparmışıq. Mina və təhlükəsizlik məsələləri ilə bağlı bəyanatlar vermişik, məqsəd bu mövzuda maariflənməni davam etdirməkdir. Çünki həmin ərazidə yaşayan, həm də azad olunmuş torpağına tələsən insanlarımız var, onların səbirli olmasını tələb etmək çətin olsa da, təhlükəsizlik naminə bunu birgə etməliyik.

 

Bilirsiz ki, indiyədək, mina ilə bağlı 200-dən çox insident baş verib, mina partlamasının qurbanları var, 100-dən çoxu həmin regiona bağlı insanlardır. Həmin ərazidə quruculuq işlərində çalışan, özbaşına səfər edənlərin təlimatlandırılması gərgin əmək tələb edir. Ona görə də, hazırda fəaliyyətimizin əsas ana xətti insanlarla gecə-gündüz bu işin aparılmasıdır.

 

ANAMA rəhbərliyi bizim səfərlərimizin akkreditasiyana, bölgəyə giriş-çıxışına, nəqliyyat təminatına dəstəyi verir, qurumda otaq da ayrılıb, bizim işimiz yalnız onlara dəstək verməkdən ibarətdir. İşimizin çox olduğunu bilirik, amma vədlər vermək tezdir.

 
Raminə Eyvazqızı
 
 
 
 
Fotolar

Paylaş