Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura

Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti yığıncağı keçirilib.

Yığıncaqda şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, icra hakimiyyətinin məsul işçisi Adəm Hüseynov iştirak edib.

Yığıncağı İctimai Şuranın sədri Fəxrəddin Rəhimov açıb. Şura üzvlərini ötən yığıncaqlarda irəli sürülən təkliflərin necə yerinə yetirildiyi barədə məlumatlandırıb.

Bildirib ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq ötən ilin iyul ayında seçilmiş Şura üzvləri fəaliyyət dairələrini gündən-günə genişləndirir.

Şura üzvləri tez-tez şəhər əhalisi arasında olur, onların xahiş, arzu, təkliflərini yerindəcə öyrənir. Əlaqədar təşkilatlar qarşısında məsələ qaldırır. Cari ilin əvvəlində müqəddəs Şəhidlər Xiyabanına və Milli Qəhrəman Tahir Bağırovun adını daşıyan 11 nömrəli tam orta məktəb istiqamətində piyada yolunun çəkilişi sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.

Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında yeraltı keçidin bərpası təklifi də şəhər rəhbərliyi tərəfindən diqqətlə və həssaslıqla qarşılanıb. Nəticədə baxımsızlaqdan istifadəyə yarasız olan yeraltı keçid təmir edilərək istifadəyə verilib.

Sakinlərlə görüşlərdə yeni-yeni təkliflər irəli sürülür. Bu günlərdə belə bir təkilf T.İsmayılov küçəsi 17 nömrəli binanın qarşısında nümunəvi məhəllədə sakinləri narahat edən bir məsələdən olub. 4 yaşayış bina sakinlərinin istifadə etdikləri nümunəvi məhəllədə uşaqların əyləndikləri yelləncəklərin yararsız hala düşməsindən narazılıqlarını bildirmişdilər. Həmin yelləncəklərin təmirinə ciddi ehtiyac var.

Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva Şura üzvlərini məlumatlandırdı ki, bu barədə bizə də siqnal daxil olmuşdur. Nümunəvi məhəlləyə baxış keçirilmişdir. Sakinlər haqlıdır. Yaxın vaxtlarda növbəlilik əsasında həmin məhəllədə yelləncəklər təmir olunacaq.

İctimai Şuranın katibi, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları təşkilatı Şirvan şəhər təşkilatının sədri Vaqif Qayıbov isə şəhərin Köhnə şəhər hissəsindəki İsmət Qayıbov adına parkdakı çatışmazlıqları diqqətə çatdırıb. Bildiribki ki, burada uşaqların əylənməsi üçün bəzi avadanlıqlar sıradan çıxıb. Parkda 1960-cı illərdə tikilmiş və hazırda istifadəyə yararsız olan binanın parkın gözəlliyinə xələl gətirdiyini qeyd edib. Sakinlərin bu parkdakı nöqsanların aradan qaldırılmasını xahiş etdiyini bildirib.

İctimai Şuranın üzvü, “Azərbaycan-Əfqanıstan Veteranları” İctimai Birliyi Şirvan şəhər filialının sədri Vaqif Həmzəyev isə Sahib Zeynalov küçəsi 2 nömrəli ünvanın sakinlərinin xahişini nəzərə çatdırıb.

Bildirib ki, burada nümunəvi məhəllədə cari təmirə ehtiyac var. Qarşıdan payız gəlir. Söhbətgahların qaydaya salınması vacibdir.

İctimai Şuranın sədr müavini ,“Regional özəl Məktəbəqədər Kompleks” MMC-nin direktoru, “Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-mənəvi dəstək” İctimai Birliyinin sədri Təranə Əhmədova, İctimai Şuranın üzvü, “Sağlam Mühit gənclərin İnkişafına Kömək” İctimai Birlyinin sədri, MQF-nin Şirvan Regional QHT-lərin Resurs, Təlim Mərkəzinin direktoru Əli Mirzəyev və başqa şura üzvləri, sakinlər tərəfindən irəli sürülmüş təkliflər, söylənilmiş xahişləri diqqətə çatdırıb. Qeyd edilən məsələlər geniş müzakirə edilib. Bəzi təkliflərin əlaqədar təşkilatlar qarşısında qaldırılması qərara alınıb.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsi və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edilməsi ilə bağlı çağırışlarına uyğun olaraq ölkəmizdə mərkəzi, yerli dövlət qurumları və ictimai birliklər tərəfindən müxtəlif fəaliyyətlərin həyata keçirildiyini qeyd edib. Şirvan şəhərində də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Regionlarda ictimai iştirakçılığın təşviqi”, “İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində vəziyyətin monitorinqi və qiymətləndirilməsi” layihələr çərçivəsində tədbirlərin, “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda təlimlərin keçirildiyini qeyd edib.

Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın fəaliyyətinə yaradılan şəraitdən, işgüzar əməkdaşlıqdan danışıb. “İnformasiya Təşəbbüsünə Dəstək” ictimai birliyinin ekspertləri tərəfindən “İctimai Şuralar üçün onlayın portalın yaradıldığını, Azərbaycanda ilk dəfə İctimai Şuraların Vahid Bazasının formalaşdığını və ictimaishura.az portalı vasitəsi ilə ictimai şuraların fəaliyyətinin ictimaiyyətə çatdırıldığını, İctimai Şuraların ictimaishura.az portalı bazasında müstəqil istifadə etməsi üçün xüsusi təlimat videorolikin hazırlandığını bildirib.

İctimai Şura üzvlərini onlayın portaldan istifadə edərək daha geniş fəaliyyət göstərməyə, əməkdaşlığa çağırıb.

İctimai Şura üzvlərinin irəli sürdüyü təkliflərin bir daha araşdırılacağını, lazımi tədbirlər görüləcəyini qeyd edib.

Sonda İctimai Şuralar üçün onlayın portal barədə  videorolik nümayiş edilib.

 

Mətbuat xidməti

Fotolar

Paylaş