Daxili İşlər Nazirliyi yanında İctimai Şura

Məişət zorakılığına qarşı mübarizədə polis-vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda ictimai dinləmə keçirilib - FOTO

Dekabrın 2-də Daxili İşlər Nazirliyi yanında İctimai Şura Daxili İşlər Nazirliyi ilə birgə “Məişət zorakılığına qarşı mübarizədə polis-vətəndaş cəmiyyəti əməkdaşlığı: mövcud vəziyyət və gözləntilər” mövzusunda ictimai dinləmə təşkil edib.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, Açıq Hökumət Platformasının sədri Əliməmməd Nuriyev bildirib ki, ictimai dinləmə Birləşmiş Millətlər Təşkilatının qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq kampaniyası çərçivəsində keçirilir. “İctimai dinləmənin məqsədi məişət zorakılığı hallarının obyektiv araşdırılması, məişət zorakılığı qurbanlarının müdafiəsi, preventiv tədbirlərin görülməsi, marifləndirmə və məlumatlandırma işinin daha səmərəli təşkili, mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, daha effektiv koordinasiya və səylərin birləşdirilməsinə nail olmaqdır.”
Əliməmməd Nuriyev qeyd edib ki, rəhbərlik etdiyi ictimai şura nazirlik ilə məişət zorakılığı da daxil olmaqla bir çox vacib mövzularda davamlı tədbirlər həyata keçirir.
İctimai Şura müvəqqəti saxlama yerlərində və digər sahələr üzrə monitorinqlər keçirib. Vətəndaşlardan gələn ərizələrin müvafiq şöbələrə yönəldilməsi və araşdırmasını təşkil edir. İctimai Şura sədri qeyd edib ki, ictimai dinləmələr davamlı olacaq və təkliflər toplanılaraq aidiyyəti qurumlara təqdim olunacaq.

 

Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəisi Elçin Məmmədov Nazirliyin ictimai dinləmələrin təşkilinə, ictimai şura birgə fəaliyyətə və eyni zamanda vətəndaş cəmiyyəti institutları ilə yaxından əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıraraq, məişət zorakılığı ilə mübarizədə QHT-lərlə birgə fəaliyyətin bu əməkdaşlığa yaxşı bir nümunə olduğunu bildirib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev çıxışlarında məişət zorakılığına qarşı mübarizədə nazirliyin gördüyü işlərdən danışıb.

BMT-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Şəmsiyyə Mustafayeva məişət zorakılığı ilə mübarizədə maarifləndirmə və təbliğatın xüsusi rolunu qeyd edərək, bu prosesə valideynlərin diqqət etməsinin vacibliyini qeyd edib.

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova çıxışında QHT Agentliyinin məişət zorakılığı ilə bağlı xüsusi qrant müsabiqəsinin elan etdiyini, bu sahədə QHT-lərin fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac olduğunu qeyd etdi. G.Səfərova eyni zamanda Təhsil Nazirliyi yanında İctimai Şura ilə DİN yanında İctimai Şuranın təhsil müəssisələrində birgə tədbirlərin təşkilinin mümkünlüyünü diqqətə çatdırdı.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxışında məişət zorakılığının qarşısının alınması sahəsində dövlət siyasətindən danışaraq, təmsil etdiyi Komitənin bu sahədə gördüyü işləri diqqətə çatdırdı.

Şəxsi Heyətlə İş İdarəsi rəisinin qadın məsələləri üzrə köməkçisi Amalya Şərivova Ailə - məişət zəminində baş verən hüquq pozuntularının qarşısının alınması sahəsində polisin rolundan danışıb.

Bakı Şəhəri BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova erkən nikah məişət zorakılığının bir forması olduğunu diqqətə çatdıraraq, cəmiyyətin bütün üzvlərin bu məsələ bağlı birgə fəaliyyət göstərməsinin vacibliyini bildirib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Məişət zorakılığı hallarına qarşı mübarizədə mövcud çətinliklər və bu çətinliklərin aradan qaldırlmasında vətəndaş cəmiyyəti polis əməkdaşlığının rolu” mövzusunda təqdimatla çıxış edib.


Müzakirələr ilə davam edən tədbirdə Xəzər RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin baş inspektoru Xəyalə Həsənova, Nəsimi rayonu Polis idarəsinin 21-ci polis bölməsinin İctimai təhlükəsizlik şöbəsinin əməkdaşı Yeganə Zeynalova, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Humay Axundzadə, QHT nümayəndələri Novella Cəfəroğlu, Elməddin Muradlı, Mirəli Hüseynov, Vüsalə Hüseynli, Zenfira Ağayeva, Ruhəngiz Hüseynova, Taleh Şahsuvarov, Hafiz Həsənov, Kamalə Ağazadə, Cəsarət Hüseynzadə, Sevda Məmmədova, Kamalə Aşumova, Səadət Bənanyarlı, Mahirə Əmirhüseynova, Gülayə Səfərova, Mehriban Abdullayeva və digərləri məişət zorakılığının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi, QHT-lərin səlahiyyətləndirilməsi və onların resurslarının artırılması, qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi, qadınların iqtisadi müstəqilliyinin artırılması, peşə təhsilinin inkişafı, birgə koordinasiyanın təşkili və digər vacib məqamlara toxunublar.

 

 

 

 

 


 

Paylaş


Paylaş