Daxili İşlər Nazirliyi yanında İctimai Şura

DİN yanında İctimai Şura Monitorinq qrupları yaradır

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib 2021-ci il dekabrın 29-da Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

Sədr Əliməmməd Nuriyev İctimai Şuranın son iclasında qəbul edilən qərarların icra vəziyyəti ilə bağlı məlumatlandırıb. Qeyd edib ki, Şuranın qərarına uyğun olaraq 8 Noyabr Zəfər bayramı ərəfəsində İctimai Şura üzvləri bu zəfərin qazanılması uğrunda canlarından keçən Daxili Qoşunların hərbi qulluqçularının ailələrini ziyarət ediblər. Ə.Nuriyev İctimai Şuranın gender əsaslı zorakılıq və narkomaniya əleyhinə mübarizəyə dəstək məqsədi ilə tədbirlərinin keçirilməsi ilə bağlı yaradılan İşçi qrupun təkliflər hazırladığını diqqətə çatdırıb.

Qeyd edib ki, bu tədbilərin 2022-ci il yanvar ayınada keçirilməsi nəzərdə tutulub. O, İctimai Şuranın DİN-in müvafiq strukturları ilə görüşlər keçirməsi ilə bağlı müzakirələrin aparıldığını bildirib. İctimai Şuraya daxil olun müraciətlər haqqında Şura sədrinin müavini Xalid Kazımov məlumat verib. Qeyd edib ki, Şuranın sonuncu iclasından ötən müddət ərzində Şura sədri və üzvlərə 24 müraciət daxil olub. Həmin müraciətlər üzrə Daxili İşlər Nazirliyinə məlumat verilib. 10 müraciətlə bağlı artıq nəticə var, digərləri ilə əlaqədar araşdırmalar davam edir. Şura sədri Ə.Nuriyev isə qeyd edib ki, Daxili İşlər Nazirliyinə ünvanlanan ayrı-ayrı müraciətlərə daha operativ reaksiya verilməsi üçün müzakirələr aparılır:

“Ümimilikdə isə müraciətlərə müsbət reaksiya var. Tofiq Yaqublunun döyülməsi faktı ilə bağlı müraciətimizə də dərhal reaksiya verildi və bir gün sonra Daxili İşlər Nazirliyində görüş keçirildi. Vətəndaş müraciətlərində qaldırılan və həllini tapmayan problemlərlə bağlı da işlər davam etdirilir”. Toplantıda Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planınında əksini tapan Monitorinq qruplarının yaradılması məsələsi də müzakirə olunub. İctimai Şuranın tərkibində polis orqanlarının müvəqqəti saxlama yerlərinin, yol hərəkətinin təşkili və təhlükəsizliyinin, şikayətlər və şikayətlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üzrə Monitorinq qruplarının formalaşdırılması üçün namizədlər irəli sürülüb.

 

Qərara alınıb ki, 2022-ci il yanvarın 10-dək namizədlərin irəli sürülməsi və Monitorinq qruplarının formalaşdırılması başa çatdırılsın. 


Paylaş