İctimai Şura internet tarifi məsələsini Aztelekom MMC-nin rəhbərliyi ilə müzakirə etdi - FOTO
Son vaxtlar internet tariflərində edilən dəyişikliklərlə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi yanında İctimai Şuraya məktub və müraciətlər daxil olur. Müxtəlif təbəqə və müəssisələrdən gələn məktublarla əlaqədar İctimai Şuranın sədri Siruz Abasbəyli və İctimai Şuranın üzvü Osman Gündüz Aztelekom MMC-in rəhbərliyi ilə görüş keçirib.
Aztelekom MMC-ni görüşdə Baş direktor Aysel Sultanova və Kommersiya Departamentinin rəhbəri Fərid Salamov təmsil edib.
Görüşdə Aztelekomda aparılan infrastruktur dəyişiklikləri və modernizasiya işləri, ölkə üzrə yeni GPON internet sistemi qurulması ətrafında müzakirələr aparılıb.
Görüşün əsas müzakirə mövzusu olan məsələ bu dövlət provayderi tərəfindən aşağı internet surətlərin ləğvi və bəlli bir istifadəçi təbəqəsi üçün GPON üzərindən verilən internet surətlərində tələbata uyğun seçim imkanlarının məhdudlaşdırılması ilə bağlı olub.
Eyni zamanda məktublarda göstərilən catişmamazlıqlardan- bəzi yerlərdə çəkilən fiber - optik kabel işlərinin yarımçıq qalması, bir çox yerlərdə internetin zəif və ya heç olmaması da müzakirə olunub. Müzakirə zamanı Aztelekom və Baktelekom qurumlarının vahid bir idarəetmədə birləşdirilməsi , ölkə üzrə vahid bir telekommunikasiya operatoru yaradılması ətrafında da fikir mübadiləsi aparılıb.
İctimai Şura müzakirə olunan mövzular üzrə rəyləri qurum rəhbərliyinə təqdim edib. Hər iki tərəf bu cür görüşlərin davam etdirilməsinin faydalı olduğunu bildiriblər.